news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 24 iyun 2017

No:180/17, Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Kosta Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonzalez Sanz ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Kosta Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonzalez Sanz ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı görüşüb.

Nazirlər bu il Kosta Rika və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinin qeyd olunduğunu deyərək, keçən dövr ərzində siyasi dialoq və qarşılıqlı anlaşmanın müsbət inkişafından məmnunluq ifadə etdilər.

Nazir Elmar Məmmədyarov iyun ayında Kosta Rikaya rəsmi səfərini xoş təəssüratlarla xatırlayaraq keçirilmiş məhsuldar görüşlərin ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətindən bəhs etdi. Elmar Məmmədyarov həmçinin Kosta Rikaya səfəri çərçivəsində baş tutmuş siyasi məsləhətləşmələrin iki ölkə arasında münasibətlərin müxtəlif sahələrində irəlilədilməsinə töhfə verəcəyinə ümidvar olduğunu qeyd etdi.

Manuel Qonzales Sanz Azərbaycanda olmağından və ölkələrimiz arasında siyasi dialoqun və dostluğun inkişafının məmnunluq doğurduğunu nəzərə çatdırdı.

Nazirlər hər iki ölkədə diplomatik missiyaların mübadiləsinin qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə yeni bir təkan verəcəyinə əminlik ifadə etdilər. Bu xüsusda Nazir Manuel Qonzales Sanz Kosta Rikanın Azərbaycana təyin olunmuş müvəqqəti işlər vəkilini təqdim etdi.

Elmar Məmmədyarov Kosta Rikanın Azərbaycanda Səfirlik təsis etmə qərarının yüksək qiymətləndirildiyini diqqətə çatdırdı.

Nazirlər Azərbaycan və Kosta Rikanın bir-birlərinin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət və dəstəyi bir daha bəyan etdilər. Onlar həmçinin gücdən istifadə ilə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğuladılar.

Nazirlər iqtisadi-ticarət, turizm, enerji, logistika, limanlar və gəmiçilik, sərmayələrin qoyuluşu və humanitar sahələrdə qarşılqılı faydalı əməkdaşlıq üçün geniş imkanlar olduğunu qeyd etdilər və bu xüsusda işgüzar dairələr arasında birbaşa təmasların təşviq edilməsinin vacibliyini vurğuladılar.

Manuel Qonzales Sanz Formula 1 yarışlarının keçirilməsi münasibətilə Azərbaycanı təbrik etdi və ölkəmizin bu qəbildən olan mötəbər tədbirlərin keçirildiyi məkan olduğunu dedi.

Nazirlər həmçinin beynəlxalq aləmdə baş verən hadisələr ətrafında geniş müzakirələr apardılar.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti