news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 25 iyul 2018

No:178/18, Xarici işlər naziri Elmar Məmmədyarov və Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlunun birgə mətbuat konfransı

Hörmətli xanımlar və cənablar,

Bildiyiniz kimi mənim əziz dostum və qardaşım, Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu Azərbaycanda rəsmi səfərdədir. Qeyd edim ki, ölkə rəhbərləri, həm də nazirlərimizin seçildikdən sonra ilk səfərlərini müvafiq olaraq məhz Türkiyə və Azərbaycana etmələri sevindirici haldır və biz bunu alqışlayırıq.

Baxmayaraq ki, biz bir-iki həftə öncə Bruseldə NATO sammiti çərçivəsində görüşərkən xeyli söhbət etmişdik, bugün də biz təkbətək və nümayəndələr heyətlərinin iştirakı ilə görüşlər keçirdik. Bakı-Tibilisi-Kars dəmir yolunu daha da canlandırmaq və tam şəkildə istifadə olunması yollarını müzakirə etdik və bu istiqamətdə geniş fikir mübadiləsi apardıq. Artıq TANAP fəaliyyətə başlayıb. Bu xüsusda əməkdaşlığın davam etdirilməsi məsələlərini də nəzərdən keçirdik. Görüş əsnasında ikitərəfli və çoxtərəfli gündəliyə aid məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə də toxunduq. Mevlüt bəy vaxtilə Avropa Şurasının Parlament Assambleyasına rəhbərlik edirdi və bugün bizim görüşdə AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov da iştirak edirdi. Bu təşkilat çərçivəsində işin qurulma mexanizmi istiqamətində geniş müzkirələr apardıq.

Sual-cavab sessiyası:

Sual: Ruslan Rəhimov, Anadolu agentliyi: Elmar müəllim siz az öncə Bakı-Tibilisi-Kars dəmir yolundan danışdınız. Keçən ilin sonunda bu yolun açılışı oldu. Hal-hazırda, bu xəttə vəziyyət necədir? Genişləndirilməsindən bəhs etdiniz, daha ərtaflı izah edin məsələn, sərnişinlərin daşımaları nə zaman həyata keçirilə bilər?

Elmar Məmmədyarov: Bakı-Tibilisi- Kars dəmir yolu barədə bugün çox dərin müzakirələr etdik, o cümlədən Əfqanıstana yük daşımaları məsələsinə toxunduq. Bilirsiniz ki, Əfqənistan önəmli ölkədir və yüklərin daşınmasında çətinlik çəkir. BTK dəmir yolu ən qısa yoldur və Orta Asiya və Əfqanistana qoşulmanın etibarlı yoludur.
BTK dəmir yolu vasitəsilə biz Qazaxıstana, Özbəkistana və eləcə də Əfqənistana yüklərin daşıma məsələlərini müzakirə etdik. Bu istiqamətdə əlbəttə ki, Türkiyə və Azərbaycan birlikdə öz səylərini daha da gücləndirməlidir. Sərnişin daşıma məsələsi də olmalıdır lakin, bu məqsədlə yeni vaqon və lokomotivlər alına bilər. Ümudvarıq ki, sərnişinlər də bundan istifadə edə biləcək.

Sual: Sevinc Valehqızı, APA TV: Elmar müəllim, erməni həmkarı ilə görüş nəzərdə tutulurmu? Prezidentlərin görüşü gözlənilirmi, gözlənilirsə nə zaman? Təşəkkürlər.

Elmar Məmmədyarov: Bəli planlaşdırılır. Bruseldə görüşəndə 4 saata yaxın müzakirələr apardıq. Əlbəttə ki, qarşı tərəfə vaxt lazımdır ki, həm vəziyyət həm də sənədlərlə bağlı məlumatları dərindən öyrənsin. Ancaq çox gümankı sentyabr ayında görüş keçirəcəyik. Həmsədrlərlə birlikdə qərara gəlmişik ki, BMT-nin Baş Assambleyasının iclası çərçivəsində görüş olsun. Bu barədə təklif var idi. Görüş bu iclasdan öncədə baş tuta bilər. Mən öz tərəfimdən dedim ki, Azərbaycan tərəfi substantiv və intensiv danışıqların davam etdirilməsinin tərəfdarıdır. Mən mövcud formatda və çərçivədə görüşün keçirilməsinə hazıram. Lakin, Azərbaycan tərəfi üçün bu danışıqların sadəcə danışıqlar xatirinə deyil, nəticə yönümlü olması vacibdir. Yüksək səviyyəli görüşlərə gəldikdə isə məsələn, prezidentlər səviyyəsində ya da baş nazirlərin səviyyəsində olan görüşlər üçün Ermənistan tərəfi danışıqların necə və hansı müstəvidə aparılmasını daha dərindən öyrənmək üçün bir qədər vaxt verilməsini xahiş etdi.

Diqqətiniz üçün təşəkkür edirəm.


Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti