No:176/18, Xarici işlər naziri Elmar Məmmədyarov Afrika İttifaqı Komissiyasının energetika və infrastruktur üzrə komissarı xanım Amani Abu-Zeydi qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov Afrika İttifaqının (Aİ) energetika və infrastruktur üzrə komissarı xanım Amani Abu-Zeydi qəbul etdi. Görüşdə son dövrlər ərzində Azərbaycan və Afrika İttifaqı arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu.
Amani Abu-Zeydi Azərbaycana səfərindən və ölkəmizlə tanışlığından məmnunluğunu ifadə edərək, Azərbaycanın xüsusən son onillik ərzində əldə etdiyi nailiyyətlərinin və idarəçilik təcrübəsinin Afrika İttifaqı üzv ölkələri üçün maraqlı ola biləcəyini qeyd etdi.
Nazir Elmar Məmmədyarov 2017-ci ilin noyabrında Afrika İttifaqının mənzil-qərargahına səfərinə və keçirdiyi məhsuldar görüşlərə toxunaraq, bu qəbildən olan səfərlərin əməkdaşlığın inkişafına xidmət etdiyini bildirdi.
Azərbaycanın Minilliyin İnkişaf və Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində əldə etdiyi nailiyyətləri, sosial-iqtisadi inkişaf və uğurlu idarəçilik modeli haqqında məlumat verən Elmar Məmmədyarov, ölkəmizdə aparılan köklü islahatlar və iqtisadiyyatın şaxələndirilməsi üzrə görülən tədbirlər barədə danışdı. Nazir Elmar Məmmədyarov həmçinin, ölkəmizin neft-qaz sektorundan əldə olunan gəlirlərin effektiv və şəffaf idarəolunması istiqamətində Azərbaycanın təcrübəsini həmsöhbətin diqqətinə çatdırdı.
Amani Abu-Zeydi Afrika İttifaqı tərəfindən həyata keçirilən layihələr və proqramlar haqqında danışaraq, Azərbaycanın ASAN xidmət konsepsiyasının da Afrika İttifaqı dövlətləri tərəfindən maraqla qarşılandığını dedi.
Görüşdə Azərbaycan və Afrika İttifaqı arasında elm-təhsil, kosmik sənaye, enerji, telekommunikasiya və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikri mübadiləsi aparıldı.