news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 19 iyul 2018

No:173/18, Xarici işlər naziri Elmar Məmmədyarov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Enzo Moavero Milanesi ilə görüşüb

Görüş əsnasında nazirlər Italiya prezidenti Sercio Mattarellanın Azərbaycana həyata keçirilən rəsmi səfərini iki ölkə arasında siyasi dialoqun və hərtərəfli əməkdaşlığın yüksək səviyyəsinin göstəricisi kimi qiymətləndirdilər.

Nazir Elmar Məmmədyarov İtaliya prezidentinin ölkəmizə ilk səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə keçirdiyi görüşün və apardığı müzakirələrin siyasi, iqtisadi-ticarət, enerji, mədəniyyət, elm-təhsil və digər sahələrdə əməkdaşlığın təşviqi üçün mühüm təkan verəcəyini qeyd etdi.

Nazir Elmar Məmmədyarov İtaliyanın bu il ATƏT-in fəaliyyətdə olan sədri funksiyasını həyata keçirdiyini nəzərə alaraq, İtaliyanın Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə gedən danışıqlar prosesinə diqqət yetirməsinin əhəmiyyətinə toxundu. Nazir E.Məmmədyarov bütün beynəlxalq ictimaiyyətin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini və münaqişənin bu prinsiplər əsasında BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq həll edilməli olduğunu bildirdi.

İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu xatırladan nazir E.Məmmədyarov Cənub Qaz Dəhlizinin işə düşməsinin əlaqələrin daha da inkişafına xidmət edəcəyinə əminliyini ifadə etdi.

Enzo Moavero Milanesi ölkəmizə səfərindən məmnunluğunu bildirdi. İkitərəfli əlaqələrlə barabər İtaliyanın Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının genişləndirilməsini dəstəklədiyini dedi.

Görüş əsnasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.




Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti