No:169/21, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in suallarını cavablandırır

Sual: Ermənistanın Azərbaycan-Ermənistan sərhədindəki son gərginliklə bağlı iddialarına, Azərbaycanın guya Ermənistanın "suveren ərazisini" pozduğuna dair iddialarına münasibət bildirməyinizi xahiş edirik.

Cavab: Bu iddialar tamamilə əsassızdır. Azərbaycanın Xarici İşlər Nazirliyi bu xüsusda məlumat yayaraq Ermənistanla Azərbaycan arasında yaranmış sərhəd gərginliyi ilə bağlı vəziyyətə aydınlıq gətirib.

İlk öncə vurğulamaq istərdim ki, sərhəd məsələlərinin kökündə duran səbəb Ermənistanın 2020-ci il noyabrınadək Azərbaycan ərazilərini qanunsuz işğal altında saxlaması olub. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozan məhz Ermənistandır. Azərbaycan yalnız beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa edir.

Rəsmi açıqlamalarımızda artıq bildirildiyi kimi, Ermənistanla sərhəd olan Azərbaycanın azad edilmiş bölgələrində hava şəraitinin mülayimləşməsi ilə əlaqədar, Azərbaycan özünün ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi işini davam etdirir. Bu proses Ermənistanla Azərbaycan arasındakı sərhəd xəttini təyin edən, tərəflərin hər birində olan xəritələr əsasında həyata keçirilir.

Biz hər zaman beynəlxalq səviyyədə tanınmış sərhədlərin suverenliyinə, ərazi bütövlüyünə və toxunulmazlığına hörmət edirik.

Şübhəsiz ki, bu prinsiplərə qarşılıqlı hörmət, bu əsasda mehriban qonşuluq münasibətləri qurmaq və sərhədlərin delimitasiyası / demarkasiyası prosesinə xoş niyyətlə başlamaq ortaya çıxa biləcək bütün mübahisələrin həll edilməsinin yeganə yoludur.

Ermənistan və Azərbaycan müharibədən yeni çıxmışlar, buna görə də uğurlu sərhəd demarkasiyası və delimitasiyası sülh və təhlükəsizliyin təminatı üçün açar rolunu oynayır.

Onu da vurğulayım ki, son aylar ərzində tərəflər arasında sərhəd məsələləri üzrə fikir ayrılıqları olub və bunların hamısı üçtərəfli bəyanatların tərəfləri arasında danışıqlar yolu ilə həll edilmişdir. Hesab edirik ki, bu cür fikir ayrılıqları siyasi və diplomatik yollarla həll edilməlidir.

Sual: Beynəlxalq ictimaiyyətin bəzi üzvləri də son sərhəd gərginliyinə reaksiya verdi, bu açıqlamaları necə şərh edərdiniz?

Cavab: Sərhəd demarkasiyası və delimitasiyası ikitərəfli məsələdir, olduqca mürəkkəb və texniki bir prosesdir. Əlbəttə, üçüncü ölkələrin bölgədəki vəziyyətlə əlaqədar, gərginliyin kəskinləşməsinin aradan qaldırılmasına yönələn narahatlıqlarını başa düşürük. Hesab edirik ki, belə həssas bir mövzuda hər hansı bir açıqlama verməzdən əvvəl bütün fundamental səbəblər və məsələlər hərtərəfli araşdırılmalıdır.

Bildiyiniz kimi, sərhəddə gərginlik yaranan kimi Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəhbərliyi dərhal bölgəyə səfər etmiş, qarşı tərəfin sərhədçiləri ilə danışıqlara başlamışdır. Hazırda vəziyyəti normallaşdırmaq üçün müvafiq addımlar atılır.

Təəssüf ki, bu texniki məsələ təxribat xarakterli bəyanatlar və Azərbaycana qarşı qarayaxma kampaniyası ilə şişirdilmişdir. Bu cür destruktiv yanaşma yalnız gərginliyin artmasına xidmət edir.

Aydındır ki, Ermənistan tərəfindən qeyri-adekvat reaksiyalar və təxribat xarakterli açıqlamalar bu ölkədəki seçkiqabağı vəziyyətlə əlaqədardır. Ermənistanın bu məsələdən siyasi vasitə kimi istifadə etmək cəhdləri qəbuledilməzdir.

Bir daha təkrarlamaq istərdim ki, Azərbaycan suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət əsasında sülh, təhlükəsizlik və regional əməkdaşlığa tam sadiqdir.

Ermənistanın siyasi və hərbi dairələrinə beynəlxalq sərhəd boyunca dövlətlərarası sərhəd rejiminin reallığını qəbul etmələrini, bölgədəki vəziyyəti əsassız olaraq gərginləşdirməmələrini və sərhəd məsələlərini ikitərəfli kanallar vasitəsi ilə Azərbaycan tərəfi ilə konstruktiv şəkildə işləməklə həll etmələrini tövsiyə edirik.

Bu kimi hallar hər iki tərəfin müvafiq sərhəd orqanları arasında qarşılıqlı təmaslar yolu ilə həll edilə bilər və edilməlidir.

Azərbaycan bölgədəki gərginliyin həllinə sadiqdir və bunun üçün qarşı tərəfi də müvafiq addımlar atmağa çağırırıq.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti