news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 12 iyul 2018

No:169/18, Azərbaycan və Bolqarıstan Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

11 iyun tarixində Bakıda Azərbaycan və Bolqarıstan Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Bolqarıstan tərəfindən isə xarici İşlər nazirinin müavini Yuri Şterk rəhbərlik ediblər.

Bolqarıstanlı nazir müavini başçılıq etdiyi nümayəndə heyətinin Bakıda dostcasına qəbul olunmasına görə minnətdarlıq bildirərək, iki ölkə arasında siyasi münasibətlərin və qarşılıqlı anlaşmanın yüksək səviyyədə olduğunu qeyd edib. O, Azərbaycanla Bolqarıstan arasında aparılan dialoqun intensiv və səmimi xarakter daşıdığını diqqətə çatdırdı. İkitərəfli münasibətlərin dövlət başçıları tərəfindən 2015-ci ildə imzalanmış Strateji tərəfdaşlıq haqqında birgə bəyannamənin ruhuna uyğun şəkildə inkişaf etdiyini söyləyərək, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin də yüksələn xətlə irəliləməsini gözlədiyini ifadə etdi.

Nazir müavini Xələf Xələfov Azərbaycanla Bolqarıstanın tarixən bir-birinə maraq göstərdiyini yada salaraq, bugünkü ikitərəfli münasibətlərin də müsbət dinamika ilə seçildiyini, hər iki ölkənin rəhbərliyi səviyyəsində qarşılıqlı anlaşmanın olduğunu, beynəlxalq gündəlikdə duran bir sıra məsələlər üzrə Azərbaycan və Bolqarıstanın üst-üstə düşən və ya oxşar mövqe tutduğunu qeyd etmişdir. XİN-lər arasında təmaslar, o cümlədən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Sofiyaya planlaşdırılan səfəri, habelə hər iki ölkənin müvafiq nazirliklər və dövlət qurumları arasında qarşılıqlı səfərlərin faydalı olmasından bəhs edildi.

X.Xələfov Bolqarıstanın həmişə Avropa İttifaqı səviyyəsində Azərbaycanla əməkdaşlıq məsələlərinin təşviqinə görə qarşı tərəfə təşəkkür bildirərək, ölkəmizin xarici əlaqələr sistemində Avropa İttifaqının mühüm yer tutduğunu qeyd edib. O, Bolqarıstanla kifayət qədər inkişaf etmiş müqavilə-hüquq bazasının mövcud olduğunu qeyd edərək, həmin zəmin üzərində energetika, nəqliyyat və kommunikiasiyalar və digər sahələrdə əməkdaşlığın aparıldığını bildirdi. Bununla belə, bu günə olan qarşılıqlı ticarət dövriyyəsinin ikitərəfli münasibətlərin potensialına cavab vermədiyi və iqtisadi əməkdaşlığa əlavə təkan verməsi məqsədilə müvafiq hökumətlərarası komissiyanın fəaliyyəti, müxtəlif biznes-forumların təşkili və s. addımlar atılmasının, qarşılıqlı sərmayələrin yatırılmasının vacibliyi qeyd edildi.

X.Xələfov Azərbaycanın Avropa məkanında, Əfqanıstan və Yaxın Şərqdə təhlükəsizlik və sabitliyin təmin edilməsinə, beynəlxalq terrorçuluqla mübarizəyə mühüm töhfə verdiyini, bu məsələlərdə Avropa İttifaqı ilə əməkdaşlıq etdiyini xatırladaraq, ölkəmiz üçün ümdə əhəmiyyət kəsb edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyün bərpa olunması əsasında nizama salınmasının zərurətini vurğuladı.

Bolqarıstanlı nazir müavini ikitərəfli münasibətlərin hazırkı durumu, habelə onların gələcək inkişafı barədə səsləndirilən qənaətlərlə razı olduğunu qeyd edərək, onun ölkəsinin həmişə Avropa İttifaqı çərçivəsində Azərbaycanla əməkdaşlığın daha da dərinləşdirməsi və şaxələndirilməsinin tərəfdarı olduğunu bildirmişdir. O, tərəflər arasında qəbul olunması üçün hazırlanan ayrı-ayrı sənəd layihələri üzərində dayanaraq, təhsil, mədəniyyət, sosial təminat, əmək miqrasiyası, kənd təsərrüfatı, yeyinti sənayesi, maşınqayırma, turizm, səhiyyə və digər sahələrdə əməkdaşlıq perspektivlərinə toxundu.

Azərbaycan tərəfi bütün bu istiqamətlər üzrə əməkdaşlığın möhkəmləndirilməsini təşviq edəcəyini bildirdi.

Müzakirələr zamanı tərəflər Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi ilə əlaqədar Bolqarıstan qarşısında açılan yeni imkanlar, kənd təsərrüfatı və bu sahədə ixracın təşviqi barədə fikir mübadiləsi apardı. Görüş zamanı həmçinin, qarşılıqlı maraq kəsb edən digər regional və beynəlxalq məsələlər müzakirə edildi.
Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti