news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 14 iyun 2017

No:166/17, Azərbaycan və Tacikistan xarici işlər nazirləri arasında diplomatik münasibətlərin 25 illiyi ilə bağlı təbrik məktubu mübadiləsi həyata keçirilib

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Tacikistan Respublikasının xarici işlər naziri Sirociddin Aslov arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib.

Xarici işlər naziri Elmar Məmmədyarov həmkarına ünvanladığı məktubunda Azərbaycan və Tacikistan xalqları və ölkələri arasında mövcud tarixi və mədəni bağlılıqların dərin köklərinin olduğunu, onları çoxəsrlik ənənələrə əsaslanan mehriban dostluq, sıx faydalı əməkdaşlıq və qarşılıqlı fəaliyyət telləri bağladığını bildirib.

E.Məmmədyarov Tacikistan Respublikasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllini dəstəkləyən mövqeyini yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Nazir iki ölkə arasında mövcud əməkdaşlıq münasibətlərinin bundan sonra da Azərbaycan və Tacikistan xalqlarının rifahının yüksəlməsinə, regionda əmin-amanlığın və sabitliyin bərqərar olmasına, əlaqələrin dinamik inkişafına xidmət edəcəyinə əminliyini ifadə edib.

Tacikistan Respublikasının xarici işlər naziri Sirociddin Aslov Elmar Məmmədyarova ünvanladığı məktubunda Azərbaycanın Milli günü – Respublika günü münasibəti ilə səmimi qəlbdən təbrik edib, müstəqillik dövründə Azərbaycanın sosial-iqtisadi, elmi-texniki və mədəni səhələrdə inamla irəlilədiyini bildirib.

Həmçinin S.Aslov məktubda Azərbaycanla diplomatik münasibətlərin 25 illiyi ilə əlaqədar olaraq cari ilin əhəmiyyətindən söz açaraq, bu müddət ərzində Azərbaycan və Tacikistan arasında bərabərlik və əməkdaşlıq prinsipləri üzərində ikitərəfli sıx əlaqələrin qurulmasına nail olunduğunu diqqətə çatdırıb.

S.Aslov Tacikistan və Azərbaycan arasında əlaqələrin bütün sahələrdə gələcək inkişafına, bu əlaqələrin iki dost xalqın maraqları çərçivəsində möhkəmlənəcəyinə əminliyin ifadə edib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti