news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 13 iyun 2019

No:164/19, Xarici İşlər Naziri Elmar Məmmədyarov Almaniya Bundestaqının vitse-prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov ölkəmizə səfəri çərçivəsində Almaniya Federativ Respublikası Bundestaqının vitse-prezidenti Tomas Oppermannın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

Görüş zamanı Tomas Oppermann Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini və dövlət başçısı ilə maraqlı müzakirələrin aparıldığını qeyd etdi.

Tərəflər Bakıda keçirilən Regional Təhlükəsizlik və Əməkdaşlıq üzrə Parlament Konfransı və Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyətini vurğuladılar. Azərbaycan və Almaniya arasında mövcud ikitərəfli münasibətlərdən danışaraq, siyasi, iqtisadi, mədəni və s. sahələrdə mövcud olan əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə olundu.  

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinin hazırkı vəziyyəti, keçirilmiş son görüşlərlə bağlı, eləcə də Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş son qanlı təxribat əməlləri haqqında həmsöhbətini geniş məlumatlandırdı. Bölgədə sülh, təhlükəsizlik və davamlı inkişafa nail olmaq üçün beynəlxalq tanınmış sərhədlərə hörmət edilməsinin və işğalın nəticələrinin aradan qaldırılmasının vacibliyini vurğuladı.

Öz növbəsində Tomas Oppermann bölgədə rifah və tərəqqinin vacibliyini qeyd edərək, vəziyyəti gərginləşdirəcək bəyanat və əməllərin gərəksiz olduğunu bildirdi.

Daha sonra, tərəflər qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər haqqında geniş fikir mübadiləsi apardılar.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti