news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 09 iyun 2017

No:161/17, Azərbaycan və Sloveniya arasında siyasi məsləhətləşmələr keçirilib

Xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycan və Sloveniya xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsi məqsədilə Sloveniya Respublikasında rəsmi səfərdə olub.

Səfər əsnasında X.Xələfov Sloveniya Respublikasının dövlət katibi, xarici işlər nazirinin müavini xanım Darya Bavdaj Kuretlə görüşüb. Görüşdə Sloveniya Xarici İşlər Nazirliyinin Siyasi Direktoru Matey Marn və digər rəsmi şəxslər də iştirak edib.

Siyasi məsləhətləşmələr çərçivəsində Azərbaycan və Sloveniya arasındakı ikitərəfli əlaqələr müzakirə edildi, iqtisadiyyat, ticarət, sənaye, kənd təsərrüfatı, nəqliyyat, kommunikasiya, energetika, yüksək texnologiyalar, mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsinə dair geniş fikir mübadiləsi aparıldı.

Görüşdə X.Xələfov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti barədə ətraflı məlumat verdi və münaqişənin danışıqlar yolu ilə həlli üçün işğala əsaslanan status-kvonun dəyişdirilməsi və Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin tezliklə çıxarılmasının zəruriliyini vurğuladı.

X.Xələfov bildirdi ki, münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həll olunmasının alternativi yoxdur. Regionda mövcud münaqişələrin həll olunmasının ümumavropa təhlükəsizlik arxitekturasının vacib faktoru olduğu qeyd edildi.

D.Bavdaj Kuret Azərbaycan və Sloveniya arasındakı münasibətlərin yaxşı səviyyədə olduğunu bildirdi və münasibətlərin daha da inkişaf etdirilməsi üçün hər iki ölkənin geniş potensiala malik olduğunu vurğuladı. O, Sloveniya və Azərbaycan arasında enerji sahəsi ilə bərabər işgüzar dairələr və insanlararası əlaqələrin intensivləşdirilməsinin vacib olduğunu ifadə etdi. D.Bavdaj Azərbaycanda mövcud olan təhlükəsizlik və sabitlik mühitini təqdir edərək Avropa İttifaqının bunda maraqlı olduğunu qeyd etdi.

Görüşdə, habelə qarşılıqlı maraq kəsb edən beynəlxalq və regional məsələlər müzakirə edildi.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti