No:159/22, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə keçirilən tədbir və sərgiyə dair məlumatı
4 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.
Tədbirdə AR XİN-in rəhbər heyəti, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin rəhbərliyi və əməkdaşları iştirak edib.
Tədbir hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin 4 aprel 1992-ci ildə qurulmasına baxmayaraq, iki ölkə arasında münasibətlərin tarixinin daha qədim olduğunu qeyd edib. SSRİ-nin dağılmasından sonra iki ölkə arasında ənənəvi dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin saxlanılmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəsna rolu olduğunu bildirən nazir müavini, iki ölkənin dövlət başçıları arasında qarşılıqlı etimada əsaslanan siyasi dialoq sayəsində bugün müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, humanitar və təhsil sahələrində Azərbaycan və Rusiya arasında səmərəli əməkdaşlığın mövcud olduğunu ifadə edib. Nazir müavini, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşmasında Rusiyanın vasitəçi rolunu yüksək qiymətləndirdiyimizi bildirib və regionda sülh və sabitliyə nail olmaq üçün imzalanmış üçtərəfli bəyanatların bütün müddəalarının tam şəkildə yerinə yetirilməsinin mühüm şərt olduğunu vurğulayıb.
Daha sonra çıxış edən Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov son 30 ildə iki ölkə arasında münasibətlərin inkişaf dinamikasından bəhs edərək əlaqələrin davamlı şəkildə yüksələn xətt üzrə irəlilədiyini qeyd edib. Münasibətlərin təməlində yaxın zamanlarda 25 illiyini qeyd edəcəyimiz Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 3 iyul 1997-ci il tarixli Müqavilənin dayandığı qeyd edilib və növbəti illərdə iki ölkə arasında imzalanan birgə sənədlər məmnununluqla vurğulanıb. Azərbaycan və Rusiya arasında münasibətlərin inkişafının əsasında iki dövlət başçısı arasında mövcud olan yaxşı münasibətlər ilə yanaşı, iki xalq arasında tarixən mövcud olan sıx təmasların durduğu bildirilib. 30 il bundan öncə əsası qoyulan münasibətlərin bugün öz bəhrəsini verdiyini qeyd edən səfir, əlamətdar gün münasibətilə öz təbriklərini tədbir iştirakçıları ilə bölüşüb.
Tədbirin sonunda iştirakçılar Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.