news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 04 iyun 2019

No:159/19, Azərbaycan və Serbiya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

3 iyun tarixində Belqradda Azərbaycan və Serbiya XİN-ləri arasında siyasi məsləhətləşmələr baş tutub. Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Ramiz Həsənov, Serbiya tərəfindən isə Xarici İşlər Nazirliyinin Siyasi Departamentinin direktoru Zoran Vuyiç rəhbərlik edib.

Tərəflər iki ölkə arasında dostluq və əməkdaşlıq şəraitində inkişaf edən qarşılıqlı faydalı strateji tərəfdaşlıq münasibətlərinin ölkələrimizin tərəqqisi üçün vacib amil olduğunu məmnuniyyətlə qeyd etdilər. Azərbaycanın bilavasitə təşəbbüsü, dəstəyi ilə həyata keçirilən regional, beynəlxalq əhəmiyyətli enerji və nəqliyyat layihələri, o cümlədən BTC neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Cənub Qaz dəhlizi və onun tərkib hissələri olan TANAP, TAP layihələri, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri, Bakı beynəlxalq dəniz ticarət limanı və Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin istifadəyə verilməsinin ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığı və bu gün artıq beynəlxalq nəqliyyat qovşağına çevrilməsinin bariz nümunəsi olduğu vurğulandı.

Tərəflər Azərbaycan ilə Serbiya arasında dövlət və hökumət başçıları səviyyəsində daimi əsasda davam etdirilən siyasi dialoqun müstəsna rolunu önə çəkdilər. Qeyd olundu ki, bu günədək iki ölkə arasında 31 sənədin imzalanması və bir sıra sazişlərin baxılmaqda olması əməkdaşlığın davamlı şəkildə inkişaf etdirilməsindən xəbər verir. O cümlədən strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planının ölkələrimiz arasında əlaqələrin inkişafına öz töhfəsini verəcəyi bildirilib. 

Görüşdə Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesi, həmçinin Kosovo və Metoxiya məsələsi, bölgədə baş verən son hadisələrlə bağlı fikir mübadiləsi aparıldı.

Bununla yanaşı, Azərbaycan Respublikası ilə Serbiya arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın fəaliyyəti və biznes forumlarının təşkilinin ikitərəfli əməkdaşlığın zəngin potensialından daha səmərəli şəkildə faydalanmağa  əlavə təkan verə biləcəyi barədə ümumi fikirlər səsləndirildi.

Aparılan fikir mübadiləsi zamanı Azərbaycan və Serbiyanın BMT və digər müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının və qarşılıqlı dəstək göstərilməsinin perspektivləri müzakirə olundu və bu istiqamətdə birgə səylərin davam etdirilməsinə dair razılıq ifadə edildi.

Görüş əsnasında ikitərəfli və çoxtərəfli gündəliyə aid digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

Daha sonra Azərbaycan nümayəndə heyəti Serbiya parlamentinin sədr müavini Vladimir Marinkoviç ilə  görüş keçirdi. Görüşdə ölkələrimizin parlamentləri arasında fəal əməkdaşlığın olduğu, qarşılıqlı səfərlərin intensiv xarakter daşıdığı məmnunluqla ifadə edildi.

Səfər çərçivəsində nümayəndə heyəti Belqrad şəhərində “Taşmaydan parkı”nda ucaldılmış xalqımızın ümummilli lideri Heydər Əliyevin heykəlini ziyarət etdi, önünə əklil qoydu və  xatirəsini ehtiramla yad etdi. Bundan başqa, nümayəndə heyəti görkəmli serb yazıçısı Milorad Paviçin heykəlini, 1999-cu ildə NATO bombardmanları zamanı həlak olmuş uşaqların xatirəsinə həsr olunan “Biz sadəcə uşaqlar idik” abidəsini də ziyarət etdi.

Sonra nümayəndə heyəti Serbiyanın Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzini, Səfirliyi və Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət etdi, Serbiyadakı Azərbaycan icması ilə görüşdü.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti