No:158/24, Nazir Ceyhun Bayramovun Belarus Respublikasının xarici işlər naziri Sergey Aleynik ilə görüşünə dair mətbuat məlumatı
12 aprel 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Sergey Aleynik ilə görüşüb.
Görüş zamanı iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə olunub və iki ölkə arasında potensial sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsinin, qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunulub. Xüsusilə təhsil, elm, mədəniyyət və idman sahələrində əməkdaşlığın genişləndirilməsinin önəmi vurğulanıb.
Tərəflər iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin zəruriliyini qeyd ediblər.
Bununla yanaşı, kənd təsərrüfatı, nəqliyyat, maşınqayırma, turizm sahələri də daxil olmaqla, iqtisadiyyatın digər istiqamətləri üzrə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
İqtisadi münasibətlərin genişlənməsi üçün böyük potensialın olduğunu bildirən nazirlər, iqtisadi sahədə əməkdaşlığa dair birgə Hökumətlərarası komissiyanın 15 may 2023-cü ildə baş tutmuş 13-cü iclasında mühüm qərarlar qəbul edildiyini və iqtisadi əlaqələrimizin daha da möhkəmləndirilməsinə yönəlmiş istiqamətlərin nəzərdən keçirildiyini vurğulayıblar.
Bununla yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq prosesi barədə məlumat verilib, bu çərçivədə əməkdaşlıq imkanları dəyərləndirilib.
Nazirlər həmçinin işğaldan azad edilmiş ərazilərimizdə bərpa-yenidənqurma məsələlərini, Belarusun prosesə mümkün töhfələrini müzakirə ediblər. Nazir Ceyhun Bayramov həmkarı həmçinin bölgədə mövcud mina təhdidi barədə ətraflı məlumatlandırıb.
Görüş zamanı, eyni zamanda digər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.