news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 04 iyun 2019

No:158/19, Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul etdi.

Toivo Klaar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olunduğunu və faydalı fikir mübadiləsinin aparıldığını qeyd etdi.

Nazir Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesinin cari vəziyyəti, o cümlədən xarici işlər nazirlərinin Moskva görüşü haqqında məlumat verdi. Daha sonra Nazir Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə səfəri zamanı Ermənistan tərəfinin törətdiyi növbəti təxribatı və Azərbaycan hərbi qulluqçusunun Ermənistan silahlı qüvvələrinin açdığı snayper atəşi nəticəsində şəhid olduğunu qarşı tərəfin diqqətinə çatdırdı və bu qanlı əməllərin danışıqlar prosesinə zərbə vurduğunu qeyd etdi. Xarici işlər nazirləri səviyyəsində növbəti görüşə razılığın əldə olunduğunu, eyni zamanda reallıqların dəyişilməz olaraq qaldığını söyləyən Nazir, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxmalı olduğunu və bölgənin gələcək inkişafı üçün digər alternativin mövcud olmadığını vurğuladı.

Öz növbəsində, Toivo Klaar danışıqların mahiyyətinin önəm kəsb etdiyini təsdiqlədi və Avropa İttifaqının əhalinin sülhə hazırlanması istiqamətində töhfə verməyə hazır olduğunu qeyd etdi.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edildi.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti