news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 30 iyun 2018

No:158/18, Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb

Görüşdə Azərbaycan və Macarıstan arasında siyasi dialoqun inkişaf səviyyəsindən məmnunluq ifadə olundu və ölkələrimiz arasında əməkdaşlığın strateji tərəfdaşıq müstəvisində inkişaf etdiyi vurğulandı.

Nazirlər Bakıda keçirilən Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın növbəti iclasının iqtisadiyyat, o cümlədən kənd təsərrüfatı, nəqliyyat, rabitə və yüksək texnologiyalar, habelə digər sahələrdə əməkdaşlığın inkişafı üçün əlverişli imkanlar yaratdığını qeyd etdilər.

Peter Siyarto Hökumətlərarası Birgə Komissiyanın həmsədri kimi Bakıda keçirilən 8-ci iclasın nəticələrindən məmnunluğunu ifadə edərək, iclas əsnasında qarşılıqlı maraq doğuran sahələr üzrə praktiki əməkdaşlıq layihələrinin müzakirə edildiyini bildirdi. Macarıstan şirkətlərinin Azərbaycandan olan tərəfmüqabilləri ilə əməkdaşlıqda maraqlı olduqlarını dedi.

Nazir Elmar Məmmədyarov ölkəmizin Avropa İttifaqı ilə strateji tərəfdaşlıq əlaqələrinin inkişafında Macarıstanın dəstəyinin təqdir edildiyini diqqətə çatdırdı.

Elmar Məmmədyarov Azərbaycanın iştirakı ilə həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələri, o cümlədən Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizləri və Cənub Qaz Dəhlizinin icrası haqqında ətraflı məlumat verdi və bu sahədə əməkdaşlıq imkanlarından danışdı.

Görüş əsnasında nazirlər təhsil sahəsində ölkələrimiz arasında əməkdaşlığı yüksək qiymətləndirdilər. Peter Siyarto hal-hazırda Macarıstanda Azərbaycandan 477 tələbənin təhsil aldığı və illik əsasda 200 nəfər azərbaycanlı tələbə üçün təqaüd ayrıldığı barədə məlumat verdi.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinə toxunan Elmar Məmmədyarov bütün beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin dövlət başçıları səviyyəsində işğala əsaslanan mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu qəbul etdiklərini bildirdi. O əlavə etdi ki, status-kvo dəyişdirilməlidir.

Görüş əsnasında Azərbaycan və Macarıstanın beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı və bir-birini dəstəkləməsinin vacibliyi qeyd edildi.

Görüşdən sonra Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ADA Universiteti ilə Macarıstanın Xarici İşlər və Ticarət İnstitutu arasında əməkdaşlıq protokolu imzalandı. Sənədi Azərbaycan tərəfdən ADA Universitetinin rektoru Hafiz Paşayev, Macarıstan tərəfindən isə xarici işlər və ticarət naziri Peter Siyarto imzaladı.
Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti