No:156/24, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə İtaliya Respublikası Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında siyasi məsləhətləşmələrin növbəti raunduna dair mətbuat məlumatı

8 aprel 2024-cü il tarixində Romada Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə İtaliya Respublikası Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

 

Siyasi məsləhətləşmələrdə nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Fariz Rzayev, qarşı tərəfdən isə İtaliya Respublikası xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli rəhbərlik edib.

 

Məsləhətləşmələr zamanı iki ölkə arasında ənənəvi dostluğa və qarşılıqlı etimada əsaslanan çoxölçülü strateji tərəfdaşlıq və onun gücləndirilməsi, o cümlədən siyasi, ticarət-iqtisadi, energetika, müdafiə və təhlükəsizlik, nəqliyyat, logistika, humanitar sahələrdə əlaqələrin genişləndirilməsi imkanları müzakirə edilib. 

 

Tərəfdaşlığın dərinləşdirilməsi üçün yüksək səviyyəli qarşılıqlı səfərlərin davam etdirilməsinin, habelə Strateji Dialoqun və Hökumətlərarası Komissiyanın növbəti iclaslarının keçirilməsinin əhəmiyyəti vurğulanıb.

 

Beynəlxalq və regional gündəlikdə dayanan qarşılıqlı maraq kəsb edən mövzular, çoxtərəfli formatlarda əməkdaşlığın genişləndirilməsi mövzuları da müzakirələrin diqqət mərkəzində olub.

 

2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyasına (COP29) hazırlıq və görüləcək işlərlə bağlı qarşı tərəf məlumatlandırılıb.

 

Qarşı tərəfə regional vəziyyət, Azərbaycan tərəfindən bölgədə davamlı sülhün bərqərar olunması istiqamətində atılan addımlar barədə məlumat verilib. Habelə işğaldan azad edilmiş ərazilərimizdə mina problemi, orada həyata keçirilən bərpa-quruculuq işləri, bu xüsusda İtaliya ilə əməkdaşlıq mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

 

Tərəflər iki ölkə arasında mədəniyyət, elm, təhsil sahələrində, xüsusilə də Bakıda İtaliya-Azərbaycan Universteti çərçivəsində həyata keçirilən mübadilələrin, habelə beynəlxalq inkişafa yardım sahəsində potensial əməkdaşlıq imkanlarının tərəfdaşlığın şaxələndirilməsindəki əhəmiyyətini qeyd ediblər.

 

Səfər zamanı F.Rzayev həmçinin İtaliyanın digər rəsmi şəxsləri ilə görüşüb, eləcə də nüfuzlu beyin mərkəzlərində təşkil olunmuş tədbirlərdə çıxış edib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti