news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 31 mart 2022

No:153/22, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramov və Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Şahzadə Feysal bin Farhan bin Abdullah bin Feysal Əl Səud arasında telefon danışığı ilə bağlı məlumatı

31 mart 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Şahzadə Feysal bin Farhan bin Abdullah bin Feysal Əl Səud arasında telefon danışığı baş tutub.

Nazirlər, müqəddəs Ramazan ayının gəlişi münasibətilə qarşılıqlı təbriklərini çatdırıb və bu ayın bütün müsəlman aləmi üçün xeyirli olmasına dair arzularını ifadə ediblər. 

 

Tərəflər, iki ölkə arasında əməkdaşlıq və qardaşlıq münasibətlərin inkişafına dair fikir mübadiləsi aparıb və bu xüsusda məmnunluq bildiriblər.

 

İki ölkə arasında hazırda icra olunan birgə layihələrə dair razılıq ifadə olunub, həmçinin Hökumətlərarası Birgə Komissiyanın ötən ilin dekabr ayında keçirilmiş iclasının nəticələrinin məmnunluq doğurduğu qeyd edilib. İqtisadi və sərmayə sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi üçün potensialın olduğu vurğulanıb.

 

Nazir Ceyhun Bayramov Səudiyyə Ərəbistanının “Acwa Power” şirkətinin Azərbaycanda külək elektrik stansiyasının tikintisi ilə bağlı layihəsinə məmnunluqla istinad edib və həmkarına Azərbaycanın alternativ enerji baxımından böyük potensialı ilə bağlı məlumat verib.

 

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələlərini müzakirə ediblər.
Nazir Ceyhun Bayramov keçmiş münaqişə ilə bağlı Səudiyyə Ərəbistanı tərəfindən Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyinə verilən dəstəyi minnətdarlıqla vurğulayıb.

 

Nazir Ceyhun Bayramov Səudiyyəli həmkarını Azərbaycana səfər etməyə dəvət edib.

 

Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Şahzadə Feysal bin Farhan bin Abdullah bin Feysal Əl Səud dəvətə görə təşəkkürünü bildirib və dəvəti məmnuniyyətlə qəbul etdiyini söyləyib.

 

Telefon danışığı zamanı nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti