No:150/2‬0, Azərbaycan Respublikasının Xarici İşlər naziri cənab Elmar Məmmədyarovun "Rəqəmsal bölünmələri bağlayın: COVID-19-a rəqəmsal cavab" mövzusunda konfransında çıxışı

Qeyri-rəsmi tərcümə

 

Azərbaycan Respublikasının Xarici İşlər naziri cənab Elmar Məmmədyarovun "Rəqəmsal bölünmələri bağlayın: COVID-19-a rəqəmsal cavab" mövzusunda konfransında çıxışı

1 iyul 2020-ci il

 

Cənab Sədr,

Zati-aliləri,

Dünyanın Koronavirus pandemiyası (COVID-19) ilə apardığı mübarizənin davam etdiyi bir dövrdə, bu vacib görüşü təşkil etdiyinə görə Estoniya və Sinqapura təşəkkür etməkdən başlamaq istəyirəm.

Virusun sürətlə yayılması bütün bəşəriyyət üçün ciddi bir çağırışdır, çünki dünyanın hər bir hissəsində insan sağlamlığına, təhlükəsizliyinə və rifahına bərpa edilməz zərərlər ilə nəticələnən xəstəlik və tələfat hallarının sayı günbəgün artmağa doğru gedir. Sağlamlıq böhranından qat-qat iri olan, COVID-19 zərər çəkmiş ölkələrdə dağıdıcı sosial, iqtisadi və siyasi böhranlar və Davamlı İnkişaf Məqsədlərində (DİM) irəliləyiş əldə etməkdə əngəllər yaratmaq potensialına malik olduğunu nümayiş etdirdi.

Bir çox qeyd olunan təsirləri ilə yanaşı, pandemiya, həmçinin bu cür hallar zamanı davamlı cavab reaksiyasının qurulması üçün rəqəmsal texnologiyadan istifadə etmək qabiliyyətinin artırılması nə qədər vacib olduğunu qiymətləndirmək imkanını da verdi.

Pandemiyanın ilk günlərindən etibarən rəqəmsal texnologiyalar COVID-19 ilə mübarizə üzrə milli cavab strategiyaların mərkəzində olmuşlar. Məsələn, İnformasiya və Rabitə Texnologiyaları onlayn təhsilə çıxış təmin etmək, sağlamlıq vəziyyətinin monitorinqi üçün platformalar inkişaf etdirmək, həyati vacib məlumatları cəmiyyətə yaymaq və təcrid vəziyyətində qalanlara mal və xidmətlərin çatdırılmasını asanlaşdıran bir vasitəyə çevrilmişdir və sadalananlar yalnız bəzi nümunələrdir.

Azərbaycan da, eyni zamanda, istisna deyildi. COVID-19 təsirinə milli cavabımızın bir hissəsi olaraq İnformasiya və Rabitə Texnologiyalarından fəal şəkildə istifadə edirik. Pandemiya zamanı elektron xidmətləri hər bir şəxs üçün əlçatan edən vahid rəqəmsal platforma Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən istifadəyə verildi. Onlayn mağazalara, təhsilə, səhiyyəyə, əyləncəyə və malların çatdırılması ilə bağlı linkləri bir araya toplayan platforma istifadəçilərin onlara çıxışını asanlaşdırır. Platforma sosial məsafəni saxlamaq və evdə qalmaq üzrə tövsiyələr verir, o cümlədən onlayn biznesin yaradılması və aparılması ilə bağlı təlimlər daxil olmaqla bir sıra onlayn təhsil imkanlarını təklif edir.

Bununla yanaşı, karantin rejimi zamanı insanların evdən çıxmasına icazə verilməsini tənzimləyən elektron platforma və Azcloud infrastrukturuna əsaslanan yeni video konfrans sistemi yaradıldı.

Təhsil prosesinin davamlılığını təmin etmək üçün hərtərəfli distant təhsil sisteminə təkan verildi. Milli televiziya kanalları televiziya dərslərini yayımlayır, həmçinin bu dərslərin çəkilişi Təhsil Nazirliyinin təlim platformasında yerləşdirilir və onlayn olaraq mövcuddur. Əksər universitetlər Təhsil Nazirliyinin təqdim etdiyi onlayn təlim platformalarından ödənişsiz olaraq istifadə edirlər.

 

Cənab Sədr,

Pandemiya, eyni zamanda, göstərdi ki, informasiya və rabitə texnologiyası vasitələrinə və genişzolaqlı rabitəyə giriş baxımından başlanğıc nöqtəsi hamı üçün eyni olmadı, çünki inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında bölgələrarası və bölgələrdaxili rəqəmsal bölünmə var.

Bununla əlaqədar olaraq, ölkələrə ehtiyatları səfərbər etmək və uzaqdan mal və xidmətlər göstərmək üçün müasir və kontekstə uyğun həll yolları tətbiq etməkdə köməklik göstərmək məqsədilə səylərin birləşdirilməsi vacibdir. Yalnız dövlətlər və beynəlxalq ictimaiyyət arasında həmrəylik və əməkdaşlıq sayəsində hamı üçün təhlükəsizlik və rifaha nail ola bilərik.

Bundan irəli gələrək, Azərbaycan Qoşulmama Hərəkatının hazırkı sədri kimi ilk dəfə olaraq video-konfrans vasitəsilə zirvə görüşünü həyata keçirdi və 2020-ci ilin aprel ayında video-konfrans vasitəsilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fövqəladə zirvə görüşününün keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatına, xüsusilə Afrika, Asiya və Latın Amerikasındakı ehtiyacı olan əhaliyə kömək etmək məqsədi ilə 10 milyon ABŞ dolları ayırmışdır.

Bu yaxınlarda Azərbaycan Qoşulmama Hərəkatının üzv dövlətləri adından BMT üzv dövlətlərinin əksər çoxluğunun dəstəyi ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış etdi. İnanırıq ki, bu sessiya həm də COVID-19-a cavab olaraq İnformasiya və Rabitə Texnologiyalarından nə qədər yaxşı istifadə edə biləcəyimizi araşdırmaq və bu sahədə təcrübə mübadiləsini davam etdirmək üçün bir platformanı təmin edəcəkdir.

Təşəkkür edirəm.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti