news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 01 iyun 2017

No:150/17, Xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiya Senatının birinci vitse-prezidenti və Senatın üzvləri ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiya Respublikasına rəsmi səfəri çərçivəsində Kolumbiya Senatının birinci vitse-prezidenti xanım Daira de Xesus Qalvis Mendeslə görüşüb. Görüşdə Kolumbiya Senatında Kolumbiya-Azərbaycan dostluq qrupunun sədri Senator Teresita Garsia Romero və qrupun digər üzvləri iştirak edib.

Elmar Məmmədyarov parlament diplomatiyasının Azərbaycan-Kolumbiya münasibətlərinin inkişafında xüsusi rola malik olduğunu bildirdi. Nazir Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Kolumbiya Senatının davamlı olaraq beynəlxalq hüquqa, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanaraq Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə qarşı tərəfə öz təşəkkürünü bildirdi.

Senatorlar 29-30 sentyabr 2016-cı il tarixlərində ölkəmizdə keçirilmiş V Beynəlxalq Humanitar Forum çərçivəsində Azərbaycanda səfərdə olduqlarını, Azərbaycanın birinci vitse-prezidenti xanım Mehriban Əliyeva, xarici işlər naziri və Milli Məclisin üzvləri ilə görüşlərini məmnuniyyətlə xatırladılar. Həmçinin, dost Azərbaycan xalqının yanında olduqlarını və gələcəkdə də iki ölkə arasında dostluq münasibətlərinin inkişafı naminə səylərini əsirgəməyəcəklərini diqqətə çatdırdılar.

E.Məmmədyarov həmçinin uzun müddətdir ölkədə davam edən münaqişənin sülh yolu ilə nizamlanması münasibətilə Kolumbiya xalqını təbrik etdi və əldə edilmiş sülh razılaşmasının ölkənin davamlı inkişafı üçün çoxsaylı imkanlar yaradacağına ümid etdiyini qeyd etdi. 

Görüş əsnasında Kolumbiya Senatının vitse-prezidenti, xarici əlaqələr və milli müdafiə komissiyasının prezidenti, eləcə də senatorlar tərəfindən imzalanaraq qəbul edilmiş Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı qərarnamə nazir Elmar Məmmədyarova təqdim edildi.

Bu xüsusda, E.Məmmədyarov Kolumbiya Senatının II konstitusional daimi komitəsində “Azərbaycan Respublikasının ərazisinin qanunsuz işğal edilməsi” adlı qətnamənin, həmçinin Senatın Xarici Əlaqələr Komissiyası tərəfindən Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar sənədin qəbul edilməsinin yüksək qiymətləndirildiyini qeyd etdi.

Nazir Elmar Məmmədyarov Kolumbiyaya rəsmi səfəri çərçivəsində Kolumbiya Respublikasının Prezidenti Xuan Manuel Santos Kalderon, xarici işlər naziri xanım Maria Anxela Olgin, biznes dairələri ilə məhsuldar görüşlər keçirdiyini və iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün əlverişli imkanların olduğunu bildirdi.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti