No:146/23, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Konfransına dair mətbuat məlumatı

13 mart 2023-cü il tarixində Bəhreyn Krallığının Manama şəhərində Parlamentlərarası İttifaqın 146-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin növbəti Konfransı keçirilib. 

 

Azərbaycan Respublikası Milli Məclisinin sədri, QH Parlament Şəbəkəsinin rəhbəri xanım Sahibə Qafarovanın sədrliyi ilə keçirilən Konfransda 20-dən artıq QH ölkəsinin parlament spikerləri daxil olmaqla, ümumilikdə 60-dan çox ölkənin qanunverici qurumlarının üzvləri, eləcə də beynəlxalq parlament qurumlarının rəhbərləri iştirak edib. 

 

Konfransın yekununda bir sıra mühüm qərarlar, o cümlədən Manama Bəyannaməsi, bəzi beynəlxalq parlament təsisatlarına QH-nin Parlament Şəbəkəsi yanında müşahidəçi statusunun verilməsi barədə qərar və QH-nin Parlament Şəbəkəsinin Fəaliyyət Modallıqlarına dair Nizamnaməyə dəyişikliklər edilməsi barədə qərar qəbul edilib. 

 

Manama Konfransının ən mühüm nəticələrindən biri də 2 mart tarixində Bakıda keçirilmiş QH-nin COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində pandemiyadan sonrakı qlobal bərpa mövzusunda Azərbaycan Respublikası Prezidenti tərəfindən QH sədri qismində irəli sürülmüş təşəbbüslərə QH-nin Parlament Şəbəkəsi daxilində Parlament Dəstək Qrupunun yaradılması barədə qərarın qəbul edilməsi olub.

 

Xatırladaq ki, Zirvə Görüşü çərçivəsində ölkə başçısı tərəfindən inkişaf etməkdə olan kiçik ada dövlətləri və Afrika ölkələrinə dəstəklə bağlı Qlobal Çağırışlar və Pandemiyadan sonrakı qlobal bərpa mövzusunda müvafiq tövsiyələrin hazırlanması məqsədilə Yüksək səviyyəli BMT Panelinin yaradılması barədə BMT Baş Katibinə çağırış təşəbbüsləri irəli sürülüb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti