No:143/19, Nazir Elmar Məmmədyarov Fransa Respublikası Milli Assambleyasının vitse-prezidenti və Milli Assambleyada Azərbaycan-Fransa dostluq qrupunun prezidenti ilə görüşüb
Nazir Elmar Məmmədyarov Fransaya işgüzar səfəri çərçivəsində Fransa Respublikası Milli Assambleyasının vitse-prezidenti Karol Büro-Bonar və Milli Assambleyada Azərbaycan-Fransa dostluq qrupunun prezidenti Pyer-Alan Rafan ilə görüşüb.
Görüş zamanı Azərbaycanla Fransa arasında parlamentlərarası əməkdaşlığın hazırkı səviyyəsi, o cümlədən siyasi, iqtisadi, mədəniyyət və digər sahələrdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb və iki ölkə arasında müxtəlif səviyyələrdə qarşılıqlı səfərlər mübadiləsinin vacibliyi qeyd olunub.
Tərəflər Azərbaycan-Fransa dostluq qrupunun fəaliyyətinin iki ölkə arasında əməkdaşlığın inkişafına böyük töhfə verdiyini vurğulayaraq, bundan sonra da münasibətlərin sürətlə inkişaf edəcəyinə ümidvar olduğunu bildiriblər.
Görüş zamanı, həmçinin Azərbaycanla Fransa arasında gündəlikdə duran cari məsələlər barədə tərəflər arasında müzakirələr aparılıb.