No:142/19, Avropa Şurası Nazirlər Komitəsi bütün üzv dövlətlərin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəyini təsdiq edib
Mayın 17-də Finlandiyanın paytaxtı Helsinki şəhərində Avropa Şurası Nazirlər Komitəsinin 129-cı sessiyası keçirilib. Finlandiyanın Nazirlər Komitəsinə altı aylıq sədrliyinə yekun vuran bu toplantıda ölkəmizi Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edib.
Avropa Şurasının təsis edilməsinin 70-ci ildönümünün qeyd olunduğu bu Nazirlər sessiyasında təşkilatın üzləşdiyi təhdidlər, mümkün islahatlar və gələcək fəaliyyət istiqamətləri müzakirə olunub. Toplantıda çıxış edən nazir müavini Mahmud Məmməd-Quliyev əvvəlcə Avropa Şurası ilə aparılan əməkdaşlığa toxunub və bir müddət öncə təsdiq olunmuş Avropa Şurasının Azərbaycan üzrə növbəti Fəaliyyət Planının icrasından bəhs edib. O, bundan əlavə, Avropa qitəsində mövcud münaqişə zonalarına beynəlxalq təsisatların girişinə dair Azərbaycanın prinsipial mövqeyini xatırladıb və bu zonalarla bağlı mümkün fəaliyyətlərin öncədən legitim mərkəzi hakimiyyət dairələri ilə razılaşdırılmalı olduğunu bəyan edib. Nazir müavini Azərbaycan torpaqlarının Ermənistan tərəfindən davam edən hərbi işğalının nəticəsi olaraq yaranmış vəziyyətə istinad edib və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə 2015-ci ildə çıxardığı önəmli hökmdə bu ölkənin Azərbaycanın işğal olunmuş əraziləri üzərində effektiv nəzarəti həyata keçirdiyi barədə gəldiyi qənaəti vurğulayıb.
Qeyd olunmalıdır ki, Avropa Şurası Nazirlər Komitəsi üzv dövlətlərindəki münaqişələri diqqətdən kənar qoymayıb. Belə ki, sessiyanın nəticəsi olaraq qəbul edilmiş siyasi bəyanatda Avropa qitəsinin bəzi hissələrinin məruz qaldığı qarşıdurma və davam edən münaqişələrə görə narahatlıq ifadə olunub və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, barışıq və siyasi həll üçün birgə səylərin göstərilməli olduğu açıqlanıb. Daha önəmlisi isə, üzv dövlətlərin hüquq və öhdəlikləri barədə müvafiq qərarda, Avropa Şurası Nazirlər Komitəsi beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlər çərçivəsində bütün üzv dövlətlərin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəyini təsdiq edib.
Helsinkidəki sessiyanın ardınca Finlandiyanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyinə yekun vurulub və sədrlik növbəti altı ay üçün Fransaya keçib.