No:130/22, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş konfransa dair məlumatı
18 mart 2022-ci il tarixində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş “Post-pandemiya və post-münaqişə dövründə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olma: çağırışlar və imkanlar” mövzusunda konfrans keçirilib.
Tədbirin açılış hissəsində çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizin BMT və onun qurumları ilə sıx əməkdaşlığı barədə danışıb, BMT-yə üzvlüyün ilk illərində təhlükəsizlik və humanitar sahələrdə problemlərlə qarşılaşmış Azərbaycanın sonrakı dövrdə beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsində BMT-nin fəaliyyətinə praktiki töhfələr verməyə başladığını, o cümlədən BMT Təhlükəsizlik Şurasının mandatı əsasında dünyanın müxtəlif bölgələrində həyata keçirilən sülhməramlı əməliyyatlarda iştirak etdiyini bildirib.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov açılış nitqində Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olma sahəsində BMT qurumlarının göstərdiyi dəstək, post-münaqişə dövründə Azərbaycan hökumətinin prioritetləri, BMT-nin müxtəlif qurumlarının işğaldan azad olunmuş ərazilərə səfərlərinin, o cümlədən BMT, Avropa İttifaqı və Dünya Bankının birgə həyata keçirdiyi dəyərləndirmə missiyasının əhəmiyyəti barədə danışıb, həmçinin COVID-19 virusu ilə qlobal mübarizəyə ölkəmizin verdiyi töhfələr, digər ölkələrə göstərilmiş yardımlar və Qoşulmama Hərəkatının sədri qismində pandemiyaya qarşı mübarizə və post-pandemiya dövründə bərpa ilə bağlı təşəbbüslərinə dair tədbir iştirakçılarına məlumat verib
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxışında işğal dövründə Azərbaycan ərazilərində ətraf mühitə dəymiş zərər, onun aradan qaldırılması ilə bağlı yaranmış ehtiyaclar və görülən işlər barədə danışıb.
BMT-nin Azərbaycan Respublikasında Rezident Əlaqələndiricisi Vladanka Andreeva Azərbaycanın inkişaf sahəsində əldə etdiyi nailiyyətlər, BMT-nin geniş gündəliyi üzrə həyata keçirilən fəaliyyətə verdiyi önəmli töhfələr, Azərbaycan tərəfindən irəli sürülən qlobal təşəbbüslər, o cümlədən QH sədri qismində COVID-19 pandemiyasına qarşı mübarizə mövzusunda BMT Baş Assambleyasının Xüsusi Sessiyası barədə danışıb və post-COVID-19 və post-münaqişə dövründə bərpa fəaliyyətinə və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqda BMT-nin Azərbaycana dəstəyinin davam edəcəyini vurğulayıb.
Azərbaycan Respublikasının BMT-yə üzvlüyünün 30 illiyi münasibətilə yubiley poçt markasının təqdimatı keçirilib.
Tədbir müxtəlif dövlət qurumlarının yüksək vəzifəli nümayəndələrinin və BMT qurumlarının Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərinin iştirakı ilə “Dayanıqlı İnkişaf Məqsədlər münaqişədən sonrakı bərpa üçün platforma qismində” və “Pandemiyadan sonrakı dövrdə dayanıqlı inkişaf” mövzularında panel müzakirələri ilə davam edib.