No:128/19, Xarici işlər naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Baş katibi Hadi Süleymanpur ilə görüşdü
V Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakını məmnunluqla qeyd edən Hadi Süleymanpur Forumun önəmli mövzuya həsr edildiyini qeyd edərək, tədbiri yüksək səviyyədə təşkil etdiyi üçün Azərbaycan tərəfini təbrik etdi.
Baş katib ECO çərçivəsində həyata keçirilən islahatlar və gələcək layihələr barədə Azərbaycan tərəfini məlumatlandırdı.
Öz növbəsində, nazir Elmar Məmmədyarov ECO məkanında həyata keçirilən regional iqtisadi layihələrin tərəfimizdən dəstəkləndiyini bildirdi. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən regional layihələrdən danışan Nazir, ECO üzv dövlətlərinin bu layihələrdən faydalanması imkanlarından bəhs etdi.
Tərəflər İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ticarət, informasiya və kommunikasiya texnologiyaları, nəqliyyat, logistika, bağlılıq və digər sahələrdə əməkdaşlığın inkişafı imkanlar ətrafında fikir mübadiləsi apardılar.
Həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında müzakirələr aparıldı.