news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 02 may 2019

No:125/19, Xarici işlər naziri Elmar Məmmədyarov Uruqvayın xarici işlər naziri Rodolfo Nin Novoa ilə görüşüb

Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasında rəsmi səfərdə olan Uruqvay Şərq Respublikasının xarici işlər naziri Rodolfo Nin Novoa ilə görüşüb.

Nazirlərin təkbətək görüşündən sonra danışıqlar geniş tərkibdə davam etdirildi. Danışıqlar zamanı tərəflər iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu qeyd etdilər.

Nazir Elmar Məmmədyarov uruqvaylı həmkarını səmimi salamlayaraq, onun ölkəmizə rəsmi səfər etməsini yüksək dəyərləndirib və hal-hazırda Azərbaycanla Uruqvay arasında münasibətlərin genişlənməsi mərhələsinin müşahidə edildiyini bildirib.

Rodolfo Nin Novoa Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olunduğundan və Bakıda keçirilən V Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcəyindən məmnunluğunu ifadə etdi. O, ölkələr, xalqlar arasında xoş məramlı təmasların vacibliyini vurğuladı və Uruqvayın məhz bu mövqedən çıxış edərək artıq 200 il ərzində davamlı şəkildə dünya ölkələrinin suverenliyi və ərazi bütüvlüyünə hörmətlə yanaşdığını, bu mövqeyə daim sadiq qaldığını bəyan etdi.

Uruqvaylı nazir Azərbaycanı dost ölkə adlandıraraq, ikitərəfli münasibətlərin kifayət qədər geniş iqtisadi gündəmə malik olduğunu söylədi. Buna misal olaraq o, ötən ilin nəticələrinə dair Azərbaycanın Uruqvaya ən çox neft ixrac edən 5 ölkə sırasında olduğunu yada saldı. Eyni zamanda, onun ölkəsinin Azərbaycanla kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə dair maraqlı olduğunu bildirən R.Nin Novoa ikitərəfli münasibətlərin müqavilə-hüquq bazasının genişləndiyini qeyd etdi.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Uruqvayın nümayiş etdirdiyi prinsipial mövqeyinə görə təşəkkürünü ifadə etdi. Münaqişənin beyləlxalq hüququn norma və prinsiplərinə əsasən, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum 4 qətnaməyə uyğun bir şəkildə həll olunmasının önəmini vurğuladı və Uruqvay tərəfinin bəyan etdiyi rəsmi mövqeyinin bununla eyni olduğunu razılıqla qeyd etdi.

İkitərəfli əlaqələrin müqavilə-hüquq bazasına toxunan nazir Elmar Məmmədyarov iqtisadi, ticarət və humanitar əməkdaşlığın təşviqi üçün daha münbit şərait yaradan bir sıra saziş layihələrinin hal-hazırda baxılmaqda olduğunu və Rodolfo Nin Novoanın hazırkı səfəri çərçivəsində Azərbaycan və Uruqvay Hökumətləri arasında "İqtisadi, ticarət və texniki əməkdaşlıq haqqında Saziş"in imzalanacağını məmnuniyyətlə səsləndirdi.

Nazir Elmar Məmmədyarov Azərbaycan-Uruqvay parlamentlərarası təmaslarının genişləndirilməsinin vacibliyini qeyd edərək, həmin əlaqələrin də qarşılıqlı faydalı əməkdaşlığın mühum istiqamətlərindən biri olduğunu vurğuladı.

Görüş əsnasında həmçinin, ikitərəfli və çoxtərəfli gündəliyə aid digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti