No:122/24, Nazir Ceyhun Bayramovun BMT Baş Assambleyasının 78-ci prezidenti Dennis Frensis ilə görüşünə dair mətbuat məlumatı

15 mart 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov XI Qlobal Bakı Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan BMT Baş Assambleyasının 78-ci prezidenti Dennis Frensis ilə görüşüb.

 

Görüşdə Azərbaycan və BMT arasında mövcud əməkdaşlıq gündəliyi, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri, habelə postmünaqişə dövründə regional vəziyyət müzakirə olunub.

 

Nazir Ceyhun Bayramov ölkəmizin beynəlxalq birliyin məsuliyyətli üzvü kimi BMT çərçivəsində əməkdaşlıqda, o cümlədən çoxtərəfliliyin təşviqində aktiv iştirak etdiyini, xüsusilə Qoşulmama Hərəkatına sədrliyi dövründə BMT ilə sözügedən Hərəkat arasında münasibətlərin inkişafı istiqamətində fəallıq nümayiş etdirdiyini, COVID-19 pandemiyası ilə mübarizə zamanı bir sıra vacib birgə qlobal təşəbbüslərin həyata keçirildiyini diqqətə çatdırıb.

 

Görüşdə, eyni zamanda Azərbaycanın bir sıra sahələr, o cümlədən enerji təhlükəsizliyi, alternativ enerjiyə keçid, regional nəqliyyat və kommunikasiyaların inkişafı istiqamətində irəli sürdüyü, habelə uğurla icra etdiyi təşəbbüslərdən bəhs olunub.

 

Ölkəmizin cari ildə COP29-a ev sahibliyi edəcəyini bildirən nazir Ceyhun Bayramov, aparılan danışıqlar prosesi, habelə hazırlıq işləri barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Prosesin davamlılığının dəstəklənməsi istiqamətində ölkəmizin ötən COP sədrlikləri ilə Sədrlik Üçlüyü çərçivəsində aktiv təmasda olduğu diqqətə çatdırılıb.

 

Nazir Ceyhun Bayramov postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə görülən bərpa və yenidənqurma fəaliyyəti, aparılan işlərə təhlükə yaradan mina təhdidi, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi və sülh gündəliyinin irəlilədilməsi istiqamətində təşəbbüslərdən ətraflı bəhs edib. 

 

Azərbaycanın sülh təşəbbüsü ilə çıxış edən, habelə normallaşma prosesinin irəlilədilməsi istiqamətində fəaliyyət göstərən ən aktiv tərəf olduğu diqqətə çatdırılıb.

 

Dennis Frensis BMT Baş Assambleyasına prezidentliyi dövründə həyata keçirilməsi nəzərdə tutulan təşəbbüslər, o cümlədən "Gələcəyin Sammiti" barədə ətraflı məlumat verib. Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin əldə olunması istiqamətində qazandığı uğurların təqdirəlayiq olduğu bildirilib. BMT Baş Assambleyasının postmünaqişə dövründə irəli sürülən sülh təşəbbüslərini dəstəklədiyi diqqətə çatdırılıb. 

 

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti