news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 15 may 2018

No:122/18, Avropa Regionlar Komitəsində Avropada Mühafizəkarlar və İslahatçılar qrupunun baş katibi Neva Sadıkoğlu-Novakinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qeyri-qanuni səfəri ilə əlaqədar üzrxahlıq məktubuna dair

İşğal olunmuş ərazilərimizə qeyri-qanuni səfər etmiş Türkiyə vətəndaşı, Avropa Regionları Komitəsində Avropada Mühafizəkarlar və İslahatçılar qrupunun baş katibi Neva Sadıkoğlu-Novaki Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”na daxil edilməməsini xahiş edib.

Məktubunda N.Sadıkoğlu-Novaki təmsil etdiyi qurumun nümayəndəsi kimi Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının (ACRE) 2017-ci ilin dekabrında Yerevanda keçirilən tədbirində iştirak etmək üçün Ermənistana səfər etdiyini bildirir.

O məktubunda yazır: “Səfərin tərkib hissəsi olaraq ACRE-nin yerli tərəfdaşları tərəfindən bir sıra mədəni tədbirlər təşkil olunmuşdu. Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər günü mən səfərin əsl mahiyyəti barədə aldadıldım. Mədəni səfər hesab etdiyim gəzinti beynəlxalq hüququn pozulması və niyyətimdən kənar şəkildə mənim Azərbaycanın qeyri-qanuni işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə getməyimlə nəticələndi. Mən Ermənistanda yerli tərəfdaşlarımız tərəfindən aldadılmağımıza və Ermənistanın qeyri-qanuni əməlləri ilə bağlı şəxsi qənaətimi təhlükə altına qoyan vəziyyətdə olmağıma görə dərin təəssüf hissi keçirirəm”.

Türkiyə Respublikasının vətəndaşı olaraq ailə məsələlərinə görə hər il Azərbaycana səfər etdiyini və fərdi əsasda Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycan Respublikasının mövqeyini dəstəklədiyini qeyd edən müəllif Azərbaycan ərazisinə daxil olmaq hüququnu niyyətli şəkildə təhlükə altına qoymazdı deyə yazıb. O, bu məktubu rəsmi üzrxahlıq kimi qəbul etməyi xahiş edib və ümidvarlığını ifadə edib ki, bu vəziyyət onun Azərbaycana səfər etmək üçün viza müraciətlərinə təsir etməyəcəkdir.

Neva Sadıkoğlu-Novakinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısına salınmaması barədə qərar qəbul edilib.
Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti