No:121/23, Xarici işlər naziri Ceyhun Bayramovun Anqola Respublikasının xarici işlər üzrə dövlət katibi Esmeralda Mendonsa ilə görüşünə dair mətbuat məlumatı
3 mart 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində ölkəmizdə səfərdə olan Anqola Respublikasının xarici işlər üzrə dövlət katibi Esmeralda Mendonsa ilə görüşüb.
Görüşdə iki ölkə arasında siyasi, iqtisadi, təhsil, kənd təsərrüfatı və s. sahələrdə mümkün əməkdaşlıq perspektivləri, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq üzrə fikir mübadiləsi aparılıb. Bu xüsusda, münasibətlərin inkişaf perspektivlərinin müzakirəsi üçün iki ölkə arasında siyasi məsləhətləşmələrin keçirilməsinin vacibliyi vurğulanıb.
Təhsil sahəsində Anqola Respublikasından tələbələrin Azərbaycan tərəfindən QH-ya üzv dövlətlərin vətəndaşları üçün nəzərdə tutulmuş təqaüd proqramlarına maraq göstərməsi məmnunluqla qeyd edilib.
Xarici işlər üzrə dövlət katibi Esmeralda Mendonsa Anqolanın Azərbaycan ilə müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu qeyd edib. Bu xüsusda, iki ölkə arasında əlaqələrin inkişafı üçün mövcud potensialdan istifadə edilməsi istiqamətində qarşılıqlı təmasların davam etdirilməsinin zəruri olduğu bildirilib. QH-nın COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşünün keçirilməsinin pandemiyadan sonrakı dövrdə əməkdaşlıq imkanlarının müzakirəsi üçün mühüm fürsətlərdən biri kimi əhəmiyyəti vurğulanıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.