No:121/19, Xarici işlər naziri Elmar Məmmədyarov və Xorvatiya Respublikasının Baş nazirinin müavini, Xarici və Avropa İşləri üzrə naziri Mariya Peyçinoviç Buriçin birgə mətbuat konfransı, 29 aprel 2019-cu il
Xarici işlər naziri Elmar Məmmədyarov:
Xanımlar və cənablar,
Hörmətli mətbuat nümayəndələri,
Xarici İşlər Nazirliyinə xoş gəlmisiniz. Bildiyiniz kimi, Xorvatiya Respublikasının Baş nazirin müavini, xarici və Avropa işləri naziri xanım Mariya Peyçinoviç Buriç Azərbaycanda ilk rəsmi səfərdədir. Xanım Buriç Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olunub.
Qeyd etmək istərdim ki, 28 dekabr 1991-ci il tarixində Xorvatiya Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb və 26 yanvar 1995-ci ildə diplomatik münasibətlər qurulub. Xorvatiyanın Ofisi Azərbaycanda çoxdan fəaliyyət göstərsə də, bu gün Səfirliyin açılışı olacaq və artıq rəsmi olaraq diplomatik missiyanın səfir səviyyəsində fəaliyyətə başlanması elan olunacaqdır.
Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xorvatiya Respublikasına rəsmi səfəri zamanı 11 mart 2013-cü il tarixində strateji tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanmışdır. Biz bu gün bu çərçivədə əməkdaşlıq məsələlərini müzakirə etdik.
Eyni zamanda, bildirmək istərdim ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Xorvatiyanın mövqeyi tam şəkildə aydındır. Xorvatiya Azərbaycanın həm ərazi bütövlüyünü, həm də beynəlxalq səviyyədə tanınmış sərhədləri və suverenliyini birmənalı şəkildə dəstəkləyir və münaqişənin BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi əsasında həlli ilə bağlı da bir neçə dəfə mövqeyini bəyan etdirmişdir.
Məlum olduğu kimi, iki ölkə arasında ticarət dövriyyəsi elə də yüksək deyildir və bu xüsusda, ikitərəfli əlaqələrimizin daha da gücləndirilməsi, eləcə də enerji sahəsində əməkdaşlıq ilə bağlı fikir mübadiləsi apardıq. Xorvatiya Cənub Qaz Dəhlizi layihəsinin Qərbi Balkanlaradək davam etdirilməsində çox maraqlıdır.
Bildiyiniz kimi, bu yaxınlarda Pekin şəhərində ikinci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumu keçirilmiş və çox faydalı müzakirələr aparılmışdır. Bu istiqamətdə də Balkan ölkələri, ilk növbədə Xorvatiya ilə də nəqliyyat əlaqələrimizi daha da gücləndirməkdə maraqlıyıq. Azərbaycanda xeyli infrastruktur imkanları vardır. Görüş zamanı bu xüsusda müzakirələr apardıq və əminəm ki, xanım nazir Azərbaycanın təşəbbüslərini dəstəkləyir.