No:120/19, Xarici işlər naziri Elmar Məmmədyarov Xorvatiya baş nazirinin müavini, xarici işlər naziri ilə görüşdü
Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Xorvatiya Respublikasının Baş nazirinin müavini, Xarici İşlər və Avropa məsələləri üzrə naziri Mariya Peyçinoviç Buriç ilə görüşdü.
Xorvatiyalı nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olunduğunu və çox faydalı fikir mübadiləsinin aparıldığını qeyd etdi.
Nazirlər iki ölkə arasında bir çox sahələr üzrə mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq məsələlərini müzakirə etdilər və əlaqələrin cari vəziyyətindən məmnunluq ifadə etdilər.
Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xorvatiya Respublikasına rəsmi səfəri zamanı 11 mart 2013-cü il tarixində Zaqrebdə imzalanmış strateji tərəfdaşlıq haqqında birgə bəyannamənin əhəmiyyətini qeyd etdi. Eyni zamanda, ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminin strateji əməkdaşlığımızın potensialına uyğun gəlmədiyini söyləyən Nazir, bu xüsusda tərəflərin birgə addımları nəzərdən keçirilməli olduğunu söylədi. Səfər çəçrivəsində təşkil olunan Azərbaycan-Xorvatiya biznes forumunun bu baxımdan mühüm rol oynadığı bildirildi.
Görüş zamanı nazir Elmar Məmmədyarov, həmçinin Xorvatiyadan olan həmkarına Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm infrastruktur, enerji və nəqliyyat layihələri haqqında məlumat verdi və Xorvatiya şirkətlərini sözügedən layihələrdən yararlanmağa dəvət etdi.
Azərbaycan Respublikası Prezidentinin ötən ilin sentyabrında Xorvatiyaya rəsmi səfərini məmnunluqla xatırlayan Nazir Mariya Peyçinoviç Buriç, iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin əhəmiyyətini vurğuladı. İkitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişafı perspektivlərinin dəyərləndirilməsi baxımından Bakıda keçirilmiş biznes forumunun önəmini səsləndirən xanım Nazir, növbəti biznes forumunun yaxın gələcəkdə Zaqrebdə təşkil ediləcəyini bildirdi.
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında danışan nazir Elmar Məmmədyarov münaqişənin beynəlxalq hüququn prinsipləri və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinin zəruriliyini bildirdi. Bu xüsusda, Xorvatiyanın Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə davamlı dəstək mövqeyi məmnuniyyətlə qeyd edildi.
Tərəflər, Azərbaycan Avropa İttifaqı əlaqələri, Şərq Tərəfdaşlığının yubiley tədbirləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı geniş fikir mübadiləsi aparıldı.
Daha sonra tərəflər birgə mətbuat konfransı keçirdilər.