news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 aprel 2019

No:119/19, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatı

Bu ilin 26 aprel tarixində Uruqvayın Xarici Əlaqələr naziri vəzifəsini icra edən səfir Ariel Berqamino ilə Azərbaycan Respublikasının Uruqvay Şərq Respublikasında akkreditə olunmuş səfiri Rəşad Aslanov arasında görüş keçirilib. Azərbaycan səfirinin müraciəti əsasında keçirilən bu görüşün başlıca məqsədi ikitərəfli gündəlikdə duran bir sıra məsələlərin müzakirəsi, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “nümayəndəsinin” Uruqvaya gəlməsi və burada guya ki, ölkə rəsmiləri də daxil olmaqla görüşlərin keçirilməsi ilə bağlı mətbuatda yayılan məlumatlara aydınlıq gətirilməsi olub.

Görüş zamanı tərəflər ikitərəfli münasibətlərin müxtəlif məsələləri, o cümlədən mövcud yüksək səviyyəli əlaqələr haqda fikir mübadiləsi aparıblar. Burada, həmçinin Bakıda keçiriləcək V Mədəniyyətlərarası Dialoq Forumunda Uruqvay Xarici Əlaqələr naziri Rodolfo Nin Novoanın iştirakı məsələsi də müzakirə edilib.

Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış oyuncaq qurumun qondarma “xarici işlər nazirinin” Uruqvaya səfəri məsələsinə gəldikdə isə, Uruqvay hökumətinin mövqeyinin fundamental və dəyişilməz olduğu XİN rəsmisi tərəfindən vurğulanıb. Bəyan edilib ki, Uruqvay beynəlxalq hüququn aliliyinə və dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşır və Uruqvay Dağlıq Qarabağın müstəqilliyini tanımır. Münaqişənin sülh yolu ilə həll edilməli olduğu qeyd edilərək, Uruqvayın ATƏT-in Minsk Qrupunun səylərini və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini dəstəklədiyi vurğulanıb.  

Görüşlə bağlı Uruqvay Xarici Əlaqələr Nazirliyi mətbuat məlumatı yayıb.

Azərbaycan Səfirinin, həmçinin Uruqvay Senatının sədri Luisa Topolanski ilə görüşü baş tutub. Görüş zamanı L.Topolanski  Parlamentdə keçirilən tədbir zamanı hər hansı qondarma qurumun nümayəndəsi ilə deyil, Uruqvaydakı erməni icması ilə görüşdüyünü bildirib. Görüş nəticəsində Uruqvay Baş Assambleyası (Parlament) rəhbərliyinin mətbuat açıqlaması yayılıb. Mətbuat açıqlamasında Uruqvay Baş Assambleya və Senatının rəhbərliyinin Xarici Əlaqələr Nazirliyi tərəfindən yayılmış mətbuat açıqlamasının və xüsusilə də  açıqlamanın sonuncu bəndində qeyd olunmuş “Uruqvay beynəlxalq hüququn aliliyinə və dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşdığına dair mövqeyini bir daha bəyan edir, Dağlıq Qarabağın müstəqilliyini tanımadığını bir daha bildirir, münaqişənin sülh yolu ilə həll edilməli olduğu və bu məqsədlə Uruqvayın ATƏT-in Minsk Qrupunun səylərini və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini dəstəkləyir” fikrinin tam dəstəklədiyi bəyan edilib.    

Səfir Rəşad Aslanov Uruqvayın keçmiş prezidenti Xose Muxiko ilə də görüş keçirib. Dostluq şəraitində baş tutan bu görüşdə keçmiş prezident münaqişələrin sülh şəraitində həll edilməsinin əhəmiyyətini qeyd edib. O, Azərbaycan xalqına tərəqqi və uğurlar arzulayıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti