news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 18 aprel 2019

No:116/19, Azərbaycan və Gürcüstan Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

17 aprel tarixində Bakıda Azərbaycan və Gürcüstan XİN-ləri arasında siyasi məsləhətləşmələr baş tutub. Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Ramiz Həsənov, Gürcüstan tərəfindən isə xarici işlər nazirinin müavini Laşa Darsaliya rəhbərlik ediblər

Tərəflər iki qonşu ölkə arasında mehriban qonşuluq şəraitində inkişaf edən qarşılıqlı faydalı strateji tərəfdaşlıq münasibətlərinin bütün bölgənin tərəqqisi üçün vacib amil olduğunu məmnuniyyətlə qeyd etdilər. Tərəflər Bakı-Tbilisi-Qars dəmiryolu xətti, TAP, TANAP və digər enerji dəhlizləri, habelə iki ölkənin iştirak etdiyi müxtəlif regional əməkdaşlıq layihələrinin Cənubi Qafqazda iqtisadi inkişafın əsaslarını təmin etməklə yanaşı, sabitlik və təhlükəsizliyin bərqərar olunmasına da xidmət etdiyini vurğuladılar.

Tərəflər Azərbaycan ilə Gürcüstan arasında dövlət və hökumət başçıları səviyyəsində daimi əsasda davam etdirilən siyasi dialoqun müstəsna rolunu önə çəkdilər. Qeyd olundu ki, bu günədək iki ölkə arasında 109 sənədin imzalanması və bir sıra sazişlərin baxılmaqda olması əməkdaşlığın davamlı şəkildə inkişaf etdirilməsindən xəbər verir.  

Görüşdə Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə əlaqədar aparılan danışıqlar prosesi və Gürcüstan ərazisində olan münaqişələrlə bağlı vəziyyət barədə fikir mübadiləsi aparıldı.

Bununla yanaşı, Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın fəaliyyəti və biznes forumlarının təşkilinin ikitərəfli əməkdaşlığın zəngin potensialından daha səmərəli şəkildə faydalanmağa  əlavə təkan verə biləcəyi barədə ümumi fikirlər səsləndirildi.

Eyni zamanda, hər iki ölkənin inkişafında vacib yer tutan turizm sektorunun təşviqi baxımından birgə təklifləri ehtiva edən konkret layihələr üzərində əməli işlərin uğurla tamamlanması barədə məmnuniyyət ifadə olunub.

Həmçinin, cari ilin iyun ayında Batumidə təşkil ediləcək Azərbaycan mədəniyyət günlərinin humanitar sahədə əməkdaşlığa yeni təkan verəcəyinə dair əminlik bildirilib.

Məsləhətləşmələr çərçivəsində ölkələrimiz arasındakı ikitərəfli əlaqələri tamamlayaraq onun keyfiyyətcə yeni müstəvidə inkişafına şərait yaradan Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı qeyd edildi.

Aparılan fikir mübadiləsi zamanı Azərbaycan və Gürcüstanın BMT və digər müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının və qarşılıqlı dəstək göstərilməsinin perspektivləri müzakirə olundu və bu istiqamətdə birgə səylərin davam etdirilməsinə dair razılıq ifadə edildi.

Görüş əsnasında ikitərəfli və çoxtərəfli gündəliyə aid digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti