No:115/24, Nazir Ceyhun Bayramovun XI Qlobal Bakı Forumunun “Müharibə və sülhə dair: "realpolitik"in qayıdışı” mövzusunda panel müzakirəsində iştirak və çıxışına dair mətbuat məlumatı

14 mart 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov XI Qlobal Bakı Forumu çərçivəsində təşkil olunmuş “Müharibə və sülhə dair: "realpolitik"in qayıdışı” mövzusunda panel müzakirəsində iştirak və çıxış edib.

 

Çıxışında nazir Ceyhun Bayramov hazırkı beynəlxalq münasibətlər sistemində mövcud böhran və çağırışları anlamaq, habelə onlara cavab vermək üçün birinci növbədə müasir sistemin necə çalışdığını, eyni zamanda öncəki sistemlərdən necə fərqləndiyini düzgün başa düşməyin vacib olduğunu qeyd edib.

 

İllər öncə qlobal təhdidlərlə mübarizə üçün mövcud olan bir sıra alətlərin, o cümlədən beynəlxalq təşkilatların bugün yalnız məhdud sayda ölkənin maraqlarının ifadə olunması ilə selektiv yanaşma nümayiş etdirməsinin sözügedən mexanizmləri qeyri-effektiv etməklə yanaşı, onlara olan inamın sarsılmasına gətirib çıxardığı vurğulanıb.

 

Müasir beynəlxalq münasibətlər sisteminin öz milli maraqları, narahatlıqları olan çoxsaylı müstəqil ölkələrdən, yerləşdikləri bölgədə regional aktor, habelə "orta dövlət"ə çevrilən aktorlardan ibarət olduğu reallığının dərk edilməsinin əhəmiyyəti qeyd olunub. 

 

Mövcud mexanizmlərin isə daha çox klassik çağırışlara cavab olaraq təsis edildiyi üçün iqlim dəyişikliyi kimi müasir, süni intellekt kimi qeyri-ənənəvi çağırışlarla mübarizədə məhsuldar ola bilmədiyi diqqətə çatdırılıb.

 

Hazırkı beynəlxalq münasibətlər konyukturunda mövcud beynəlxalq instrumentlərin özünü doğrultmaması fonunda ölkəmizin regional əməkdaşlığın inkişafına, xüsusilə qonşu dövlətlərlə tərəfdaşlığın möhkəmləndirilməsinə əhəmiyyət verdiyi vurğulanıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti