No:115/23, Nazir Ceyhun Bayramovun BMT Baş Assambleyasının 77-ci sessiyasının Prezidenti Çaba Köröşi ilə görüşünə dair mətbuat məlumatı
3 mart 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində Azərbaycanda səfərdə olan BMT Baş Assambleyasının 77-ci sessiyasının Prezidenti Çaba Köröşini qəbul edib.
Çaba Körösini salamlayan nazir Ceyhun Bayramov Qoşulmama Hərəkatının Zirvə görüşündə iştirakına görə ona təşəkkürünü bildirib, ölkəmizin sədrliyi çərçivəsində təşkil edilmiş Zirvə görüşünün əhəmiyyətindən bəhs edib.
Nazir Ceyhun Bayramov BMT nümayəndələrinin son illərdə ölkəmizə səfərlərindən, BMT Baş Assambleyasının Prezidentinin ofisi ilə faydalı əməkdaşlıq münasibətlərindən məmnunluğunu ifadə edərək, BMT-nin gündəliyində duran məsələlər üzrə müzakirələrdə Azərbaycanın fəal iştirakını və təşəbbüslərini diqqətə çatdırıb.
Görüşdə, həmçinin bölgədəki vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, mövcud mina təhdidləri, Ermənistanla münasibətlərin normallaşdırılması, o cümlədən sülh gündəliyi üzrə Azərbaycan tərəfindən atılan addımlar qeyd edilib.
BMT Baş Assambleyasının Prezidenti Çaba Köröşi öz növbəsində dəvətə görə minnətdarlığını bildirib, Qoşulmama Hərəkatının ölkəmizin sədrliyi dövründə artan rolundan bəhs edib. O, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyinin uğurla icrasını təqdir Azərbaycanın COVID-19 pandemiyasına qarşı irəli sürdüyü qlobal əhəmiyyətli təşəbbüsləri yüksək qiymətləndirib.
Tərəflər, həmçinin BMT gündəliyində duran qarşılıqlı maraq doğuran digər məsələləri və cari regional vəziyyəti müzakirə ediblər.