No:107/22, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə görüşünə dair məlumatı
11 mart 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə görüşüb.
Görüşdə nazir Ceyhun Bayramov, bölgədə həyata keçirilən bərpa və yenidən qurma işləri və bu xüsusda, Aİ-nin mümkün rolundan danışıb.
Avropa İttifaqının Komissarı Oliver Varhelyi, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu və bu xüsusda, enerji sahəsində əməkdaşlığın vacibliyini qeyd edib.
Görüşdə, həmçinin Ukraynada baş verən hadisələr, ölkədə böhranın aradan qaldırılması yolları ilə bağlı fikir mübadiləsi aparılıb.
Eyni zamanda, tərəflər Avropa İttifaqı ilə əməkdaşlıq və gündəlikdə duran vacib məsələlərini qeyd etməklə Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni saziş üzrə danışıqların tezliklə yekunlaşdırılmasına dair niyyətlərini ifadə ediblər.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.