No:106/22, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayev ilə görüşünə dair məlumatı
11 mart 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayev ilə görüşüb.
Görüş zamanı nazirlər Azərbaycan və Qırğızıstan arasında ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Nazirlər, ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə edərək, iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu vurğulayıblar.
Görüşdə, həmçinin ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi, siyasi, iqtisadi, humanitar, mədəniyyət və digər sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinə dair qarşılıqlı razılıq ifadə edilib. Bildirilib ki, ölkələrimiz arasında münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri və aparılan danışıqlar xüsusi rol oynayır.
Tərəflər, iki ölkə arasında Birgə Hökumətlərarası Komissiyanın iclasının keçirilməsinin, həmçinin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin həyata keçirilməsinin münasibətlərin inkişafına daha da təkan verəcəyini ifadə ediblər.
Daha sonra tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.