news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 19 aprel 2018

No:104/18, Xarici işlər naziri vəzifəsini icra edən Elmar Məmmədyarov Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Yukiya Amanonu qəbul edib

Elmar Məmmədyarov Azərbaycan və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) arasında mövcud effektiv əməkdaşlıqdan məmnunluğunu ifadə edərək AEBA-nın fəaliyyət və yardımının Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırdı.

Görüşdə AEBA ilə Texniki Əməkdaşlıq Proqramı çərçivəsində ölkəmizdə həyata keçirilmiş 22 layihə və icra edilməkdə olan 9 layihənin Azərbaycanın inkişafı və müvafiq qurumların imkanlarının gücləndirilməsi baxımından əhəmiyyəti vurğulandı. Azərbaycanın milli tədqiqat reaktorunun yaradılması və istifadə edilməsində və kadrların hazırlanmasında AEBA-nın dəstəyi yüksək qiymətləndirildi. Tərəflər sülh məqsədləri üçün nüvə texnologiyasının tətbiqinə toxunaraq, səhiyyə, kənd təsərrüfatı, neft sənayesi kimi sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi apardılar.

Görüş zamanı Elmar Məmmədyarov nüvə reaktorlarının təhlükəsizliyi məsələsinə toxunaraq Ermənistanda yerləşən, bölgəmiz üçün ciddi təhlükə mənbəyi olaraq köhnəlmiş Çernobıl texnologiyası əsasında fəaliyyət göstərən “Metsamor” AES-in istismarından irəli gələn təhlükələri diqqətə çatdırdı. Həmçinin, o, "Metsamor" AES-in nüvə və radioaktiv maddələrin qaçaqmalçılığı baxımdan ciddi təhlükə mənbəyi olduğunu vurğulayaraq, nüvə təhlükəsizliyi konsepsiyası çərçivəsində AEBA tərəfindən bu istiqamətdə zəruri addımların atılmasının vacibliyini qeyd etdi.

Görüşdə beynəlxalq nüvə təhlükəsizliyi, dinc məqsədlərlə nüvə texnologiyasından istifadə edilməsi və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.


Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti