No:098/23, Xarici işlər nazirinin müavini Elnur Məmmədovun Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlərin Koordinasiya Ofisinin rəhbəri Rameş Rajasinqham ilə görüşünə dair mətbuat məlumatı
28 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Cenevrədə BMT İnsan Hüquqları Şurasının 52-ci sessiyasında iştirakı çərçivəsində BMT-nin Humanitar Məsələlərin Koordinasiya Ofisinin rəhbəri Rameş Rajasinqham ilə görüşüb.
Görüş zamanı, Azərbaycan ilə BMT-nin Humanitar Məsələlərin Koordimasiya Ofisi arasında mövcud əməkdaşlığın perspektivləri, o cümlədən bölgədə post-münaqişə dövründə vəziyyət, habelə Laçın yolu ətrafında məsələlər müzakirə mövzusu olub.
Humanitar yardımlar sahəsində Azərbaycanın aktiv fəaliyyətinə məmnunluqla istinad edən nazir müavini Elnur Məmmədov, bu xüsusda COVID-19 pandemiyası dövründə, o cümlədən pandemiyadan sonrakı dövrdə Azərbaycanın bir çox inkişaf etməkdə olan dövlətlərə humanitar yardımlar göndərdiyini bildirib. Həmçinin, Azərbaycan tərəfindən göstərilən beynəlxalq humanitar yardımların təmin olunmasında Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyinin fəaliyyəti qeyd olunub.
Post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, o cümlədən Azərbaycanın regionda sülh və quruculuq səyləri barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir müavini Elnur Məmmədov, Laçın yolu ətrafında Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin etiraz aksiyası ilə bağlı Ermənistan tərəfindən beynəlxalq ictimaiyyəti yanlış məcraya yönləndirən “blokada”, “humanitar böhran” iddialarının həqiqəti əks etdirmədiyini diqqətə çatdırıb. Nazir müavini Elnur Məmmədov, Laçın yolundan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkət rejiminin dəyişməz olaraq qaldığını bildirib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.