No:097/24, Nazir Ceyhun Bayramovun Braziliya Xarici İşlər Nazirliyinin baş katibi Maria Laura da Roşa ilə görüşünə dair mətbuat məlumatı
2 mart 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Braziliya Xarici İşlər Nazirliyinin baş katibi Maria Laura da Roşa ilə görüşüb.
Görüşdə Azərbaycan və Braziliya arasında əməkdaşlıq gündəliyi, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı məsələlər, habelə regional vəziyyət müzakirə olunub.
Yaxın günlərdə Azərbaycan və Braziliya arasında siyasi məsləhətləşmələrin növbəti raundunun keçirilməsinin məmnunluq doğurduğunu diqqətə çatdıran tərəflər, mövcud əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün bu mexanizmin inkişafına əhəmiyyət verdiklərini bildiriblər.
Nazir Ceyhun Bayramov, həmçinin COP29-la bağlı tərəfimizdən görülən hazırlıq işləri ilə bağlı qarşı tərəfi ətraflı məlumatlandırıb.
Xüsusilə, cari ildə COP29-a sədrliyimiz dövründə COP Üçlüyü çərçivəsində Braziliya ilə əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların mövcudluğu vurğulanıb.
Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə qarşı tərəfə məlumat verilib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.