No:097/19, Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın Avstriyaya yeni təyin olunmuş fəxri konsulu Mixael Haynritsi qəbul edib
Nazir Elmar Məmmədyarov Mixael Haynritsi Avstriya Respublikasının Zalsburq, Tirol və Forarlberq federal vilayətlərini əhatə etməklə Zalsburq şəhərində Azərbaycan Respublikasının fəxri konsulu qismində fəaliyyətə başlaması münasibətilə təbrik etdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Avstriya Respublikasına son işgüzar səfərinə toxunan nazir Elmar Məmmədyarov səfər çərçivəsində çox faydalı görüşlərin keçirildiyini diqqətə çatdırdı.
Öz növbəsində, Azərbaycanı təmsil etməkdən məmnun olduğunu bildirən M.Haynrits Azərbaycan və Avstriya arasında iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi məqsədilə, xüsusilə də qeyri-neft sektorunda əməkdaşlığın təşviq edilməsi istiqamətində davamlı fəaliyyət göstərəcəyini diqqətə çatdırdı.
Fəxri konsul fəaliyyəti dövründə iki ölkə arasında hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirdi.