No:094/24, Nazir Ceyhun Bayramovun İraq Respublikasının xarici işlər naziri Fuad Hüseyn ilə görüşünə dair mətbuat məlumatı
2 mart 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində İraq Respublikasının xarici işlər naziri Fuad Hüseyn ilə görüşüb.
Görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə cari regional vəziyyət müzakirə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycan və İraq arasında intensiv qarşılıqlı təmasların və səfərlərin münasibətlərin müxtəlif, o cümlədən siyasi, iqtisadi, ticarət, enerji təhlükəsizliyi, investisiyalar, mədəni və s. istiqamətlər üzrə uğurlu inkişafına töhfə verdiyini diqqətə çatdırıb.
Azərbaycan və İraq arasında tarixi dostluq və həmrəyliyə əsaslanan münasibətlərin ikitərəfli, o cümlədən regional və beynəlxalq platformalar çərçivəsində nümayiş olunan qarşılıqlı dəstəkdə özünü biruzə verdiyi bildirilib.
Qarşı tərəf cari ildə ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri ilə bağlı ətraflı məlumatlandırılıb, mümkün əməkdaşlıq sahələrinə toxunulub və İraq tərəfinin prosesdə yaxından iştirak edəcəyinə əminlik ifadə olunub.
Nazir Ceyhun Bayramov, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, o cümlədən Azərbaycan-Ermənistan normallaşma prosesinin hazırkı durumundan bəhs edib.
Nazir Fuad Hüseyn İraqın Azərbaycanla münasibətlərin daha da inkişafında maraqlı olduğunu qeyd edərək, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi istiqamətində mövcud potensialdan istifadənin zəruriliyini ifadə edib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.