news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 18 yanvar 2018

No:09/18, Xarici işlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfəri çərçivəsində Fransa Respublikası Prezidentinin diplomatik məsələlər üzrə müşaviri Filip Etien ilə görüşüb

Görüşdə iki ölkə arasında siyasi dialoqun inkişafından məmnunluq ifadə olundu və yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrin inkişafına töhfə verdiyi vurğulandı.

Nazir Elmar Məmmədyarov həmsöhbətə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqda geniş məlumat verdi və münaqişənin həllinə dair Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan ədalətli mövqeyini bir daha diqqətə çatdırdı.

Görüşdə iki ölkə arasında humanitar və iqtisadi-ticarət əlaqələrinin inkişafı təqdir edildi. Bu xüsusda, Bakıda Birgə Azərbaycan-Fransız Universiteti, Fransiz liseyinin fəaliyyəti, fransız dilinin tədrisinə göstərilən dəstək, tələbə mübadiləsi, iki ölkənin regionlar arasında əlaqələrin yaradılması, ticarət əlaqələrinin genişlənməsi qeyd edildi.

Elmar Məmmədyarov həmsöhbətə Azərbaycanın təşəbbüsü və dəstəyi ilə regionda həyata keçirilən nəqliyyat və enerji layihələri, ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində görülən tədbirlər və aparılan köklü islahatlar haqqında danışdı. O, Fransa şirkətlərini Azərbaycanın qeyri-neft sektorunda daha yaxından təmsil olunmağa dəvət etdi.

Tərəflər Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına Fransanın göstərdiyi dəstəyi məmnunluqla qeyd etdilər.

Görüş əsnasında Azərbaycanın multikulturalizm ənənələri, mədəniyyətlər və dinlərarası dialoqa verdiyi töhfələri yüksək qiymətləndirildi.

Həmçinin, görüşdə regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti