No:091/18, Xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama hərəkatının Bakıda keçirilən Aralıq Nazirlər Konfransı çərçivəsində Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Xorxe Arreasa Monserratı qəbul edib
Nazirlər ikitərəfli münasibətlərin hazırkı durumu və əməkdaşlıq perspektivlərini müzakirə etdilər və diplomatik təmsilçiliyin əməkdaşlığın genişləndirilməsində önəmli olduğunu bildirdilər. X. Monserrat Venesuelanın Azərbaycanla münasibətlərə xüsusi önəm verdiyini və Azərbaycanda Venesuela Səfirliyinin açılmasının bunun göstəricisi olduğunu əlavə etdi.
E.Məmmədyarov həmkarına Nazirlər Konfransına uğurlu sədrliyə görə təşəkkür etdi və Venesuela və Azərbaycanın QH və BMT daxil olmaqla, çoxtərəfli platformada əməkdaşlığının əsasında uğurlu ikitərəfli münasibətlərin dayandığını vurğuladı. Həmçinin münasibətlərin irəlilədilməsi baxımından siyasi məsləhətləşmələr mexanizminin təsisinin önəmini qeyd etdi.
Görüşdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.