No:090/21, AR XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in erməni əsilli saxlanılan şəxs Maral Nacaryanla bağlı sualını cavablandırır

Cavab: Livanın Burc Hammud ərazisində anadan olan Maral Nacaryan (Maralle Najarian) həm Ermənistan, həm də Livan vətəndaşlığına malikdir. Keçmiş münaqişə bölgəsində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən birgə yaşadığı erməni əsilli Livan vətəndaşı ilə birlikdə saxlanılmışdır.

O, Azərbaycan ərazisinə qanunsuz daxil olması və Azərbaycan qanunvericiliyini pozan digər hərəkətlərə yol verməsi barədə ifadələr vermişdir.

Azərbaycan tərəfinin nümayiş etdirdiyi humanizm nəticəsində M.Nacaryan, bu ilin 10 mart tarixində azad edilib.

O, şəxsən Ermənistana deyil, Livana qayıtmağa üstünlük verib. Qeyd etmək istərdik ki, Rusiya tərəfi ilə aparılan müzakirələr nəticəsində Livan vətəndaşı olduğu üçün onun Rusiya ərazisindən göndərilməsi mümkün olmayıb. Bu səbəbdən M.Nacaryan Türkiyə üzərindən Livana geri göndərilib.

Ümumiyyətlə bildirmək istərdik ki, hazırda Azərbaycanda saxlanılan erməni əsilli qadın yoxdur. Vətən müharibəsi zamanı saxlanılan 5 qadının hamısı, əksəriyyəti hərbi əməliyyatlar davam edən zamanı sərbəst buraxılıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti