No:089/23, Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım tədbirinə dair mətbuat məlumatı

24 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Anım tədbirində Xarici İşlər Nazirliyinin rəhbər heyəti və əməkdaşları, Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, o cümlədən media nümayəndələri iştirak edib.

 

Anım tədbiri çərçivəsində iştirakçılar, Xocalı soyqırımına aparan hadisələr, soyqırımının baş verməsi, nəticələri və s. istiqamətləri əks etdirən fotoşəkillərdən ibarət sərgi stendləri ilə tanış olublar.

 

Anım tədbirinin rəsmi açılış mərasimində çıxış edən xarici işlər naziri Ceyhun Bayramov, 31 il bundan öncə Ermənistan silahlı qüvvələrinin, keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə müxtəlif istiqamətlərdən Xocalı şəhərinə hücum etdiyini, qadınlar, uşaqlar və yaşlılar daxil olmaqla yüzlərlə azərbaycanlı mülki şəxsi xüsusi amansızlıqla qətlə yetirdiyini qeyd edib.

 

Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edən nazir Ceyhun Bayramov, xalqımızın milli yaddaşına həkk olunmuş Xocalı soyqırımının unudulmadığını, daim xatırlandığını bildirilib.

 

Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan hökumətinin, “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasının, o cümlədən vətəndaş cəmiyyətinin və diasporumuzun aktiv fəaliyyəti qeyd olunub.

 

Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı törədilən qəddarlıqların, ikinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Gəncə, Bərdə, Tərtər şəhərlərində yaşayan mülki əhaliyə qarşı törədilmiş müharibə cinayətlərinin dövlət səviyyəsində Ermənistanın azərbaycanlılara qarşı etnik nifrət və irqi ayrı-seçkilik siyasətindən qaynaqlandığını bildirib. Bu kimi cinayətlərin törədilməsində birbaşa olaraq Ermənistanın məsuliyyət daşımasına baxmayaraq, hələ də məsul şəxslərə münasibətdə cəzasızlığa son qoyulmadığı diqqətə çatdırılıb.

 

Nazir Ermənistan tərəfindən post-münaqişə dövründə sülh və normallaşma prosesinə maneə yaradan hərbi-siyasi təxribatların törədilməsinə, o cümlədən beynəlxalq ictimaiyyəti manipulyasiya etməyə hədəflənən addımların atılmasına baxmayaraq, Azərbaycanın regionda sülh və təhlükəsizliyin bərqərar edilməsinə hədəflənən sülh gündəliyinin irəli aparılmasında qərarlı olduğunu bildirib. Bu xüsusda, ədalətin bərpa olunmasının da regionda sülh və normallaşma gündəliyinə də öz müsbət töhfəsini verəcəyinə dair inam ifadə olunub.

 

Daha sonra isə Azərbaycan Dövlət Pantomima Teatrının təqdimatında Xocalı soyqırımına həsr olunmuş “Xocalı – bu, olub” adlı tamaşa nümayiş etdirilib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti