No:088/20, AR XİN Mətbuat xidməti idarəsinin məlumat

2 may 2020-ci il tarixində Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfiri Serjan Abdıkarimov nazir müavini Xələf Xələfov tərəfindən Xarici İşlər Nazirliyinə dəvət edilmişdir.

Görüş zamanı nazir müavini 30 aprel 2020-ci il tarixində Xəzər dənizində Qazaxıstan Respublikasının Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası vətəndaşları Q.İbrahimov, E.Nuriyev, E.Əhmədov və Ş.Novruzovun saxlanılması zamanı silah tətbiq etməsi nəticəsində bir nəfərin ölümü və iki nəfərin yaralanması ilə bağlı Azərbaycan tərəfinin ciddi narahatlığını bildirmiş və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müvafiq notasını təqdim etmişdir. Görüş zamanı X. Xələfov odlu silahdan istifadə edilməsi halının insan tələfatı ilə nəticələnməsinin iki ölkənin sərhəd xidmətləri arasında birgə əməkdaşlıq mexanizminə, ölkələrimiz arasında mövcud dostluq və qardaşlıq ruhuna uyğun olmadığını qeyd etdi.

Eyni zamanda, nazir müavini iki müttəfiq və strateji tərəfdaş dövlət arasında münasibətlərin prinsiplərinə uyğun olaraq Qazaxıstan tərəfindən bu insidentin və Azərbaycan vətəndaşlarının ölümü və yaralanmaları hallarının hərtərəfli və obyektiv araşdırılması və istintaqının nəticələri barədə Azərbaycan tərəfinin məlumatlandırılmasını xahiş etmişdir. Azərbaycan tərəfi insident nəticəsində həyatını itirmiş Azərbaycan vətəndaşının nəşinin Azərbaycan tərəfinə tezliklə verilməsi barədə müraciət etmişdir.

Səfir S. Abdıkarimov öz növbəsində baş vermiş insidentin insan tələfatı ilə nəticələnməsindən dərin təəssüfünü ifadə edərək, vəfat etmiş şəxsin yaxınlarına baş sağlığı verdi və yaralıların tezliklə sağalacağına ümid etdiyini bildirdi. O, təqdim olunan notanı və Azərbaycan tərəfinin ciddi narahatlığını ölkəsinə çatdıracağını və bir daha bu qəbildən olan halların baş verəcəyi təqdirdə iki ölkə arasında mövcud sərhəd əməkdaşlığı mexanizminə uyğun həll ediləcəyinə ümidvar olduğunu bildirdi.

Daha sonra səfir hadisə nəticəsində həyatını itirmiş Azərbaycan Respublikası vətəndaşının nəşinin Azərbaycan tərəfinə qaytarılması üçün Səfirlik tərəfindən zəruri köməkliyin göstəriləcəyini ifadə etdi.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti