No:086/20, AR XİN Mətbuat xidməti idarəsinin YUNESKO-ya üzv ölkələrin Milli Komissiyalarının birinci onlayn görüşü barədə məlumatı
Bu il aprelin 29-da YUNESKO-ya üzv ölkələrin Milli Komissiyalarının birinci onlayn görüşü keçirilib. 250-dən çox nümayəndənin iştirak etdiyi görüşdə 45 Milli Komissiyanın təmsilçisi çıxış edib. Görüşün məqsədi COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində YUNESKO tərəfindən həyata keçirilən tədbirlər və Milli Komissiyalarla əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikir mübadiləsinin aparılması olub.
Öncə, Afrika prioriteti və xarici əlaqələr üzrə YUNESKO Baş direktorunun müavini Firmin Eduard Matoko tədbir iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətini vurğalayıb və Milli Komissiyaların COVID-19 pandemiyası ilə mübarizədə rolunu qeyd edib. Sonra təhsil, mədəniyyət, sosial və humanitar elmlər, kommunikasiya və informasiya, təbiət elmləri və digər sahələr üzrə YUNESKO Katibliyinin hesabatları dinlənilib və pandemiya şəraitində YUNESKO tərəfindən qəbul edilən qərarlar, irəli sürülən təşəbbüslər, eyni zamanda mövcud çətinliklər və mümkün çıxış yolları barədə təqdimatlar edilib.
Daha sonra müxtəlif ölkələrin Milli Komissiyalarının nümayəndələri təmsil etdikləri ölkələrdə bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat verərək, fikir mübadiləsi aparıb.
Görüşdə Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri – YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Elnur Sultanov çıxış edib.
E.Sultanov çıxışında pandemiya ilə mübarizə çərçivəsində YUNESKO-nun təhsil, mədəniyyət, elm və informasiya və kommunikasiya sahələri üzrə ölkəmizdə həyata keçirilən genişmiqyaslı və məqsədyönlü tədbirlər, müvafiq layihə və təşəbbüslərə dair məlumat verib. O, Təhsil Nazirliyi tərəfindən ölkədə teledərslərin təşkil edildiyini və bu günədək artıq 1000 dərsin keçirildiyini bildirib. E.Sultanov “Virtual Məktəb” layihəsi haqda məlumat verərək 600 min şagird və 50 min müəllimin bu layihədə iştirak üçün qeydiyyatdan keçdiyini diqqətə çatdırıb. Daha sonra o, Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Kreativ Azərbaycan” layihəsi və “Evdə qal, evdə yarat” təşəbbüsü haqda məlumat verərək ölkəmizin YUNESKO-nun ResiliArt hərəkatına qoşulduğunu bildirib. E.Sultanov, həmçinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilən layihələr və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən görülən işlərə dair məlumat verib. Eyni zamanda, o, Milli Komissiyanın YUNESKO və aidiyyəti dövlət qurumları arasında sıx əlaqələndirməni təmin etdiyini vurğulayıb. Sonda o, YUNESKO və Milli Komissiyalar arasında dialoqun müntəzəm şəkildə davam etdirilməsi, eləcə də təcrübə mübadiləsinin həyata keçirilməsinin vacibliyini vurğulayaraq, pandemiya ilə mübarizədə əməkdaşlığın gücləndirilməsi məqsədilə YUNESKO tərəfindən Milli Komissiyaların gələcək fəaliyyətinə dair “yol xəritəsi”nin hazırlanmasını təklif edib.
Tədbirin yekununda YUNESKO-nun Üzv Ölkələr və Tərəfdaşlar Bölməsinin direktoru Genc Seiti bütün iştirakçılara təşəkkür edib və Milli Komissiyalar tərəfindən səsləndirilən təklifləri nəzərə alacaqlarını diqqətə çatdırıb.
Qeyd edək ki, tədbir internet vasitəsilə canlı yayınlanıb.