No:083/18, Xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama hərəkatı xarici işlər nazirlərinin Bakıda keçirilən iclası çərçivəsində Vyetnam Sosialist Respublikasının xarici işlər nazirinin müavini Danq Din Quyu qəbul edib
Görüş zamanı tərəflər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin18-19 may 2014-cü il tarixlərində Vyetnama və Vyetnam Prezidenti cənab Çıonq Tan Sangın 13-15 may 2015-ci il tarixlərində Azərbaycana dövlət səfərlərinin ikitərəfli münasibətlərin inkişafında yeni mərhələ açdığını xüsusilə qeyd etdilər.
Azərbaycan və Vyetnam arasında münasibətlərin cari səviyyəsini yüksək qiymətləndirən tərəflər qarşılıqlı səfər mübadiləsinin və müqavilə-hüquq bazasının genişləndirilməsinin vacibliyini qeyd etdilər.
İki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün böyük potensialın olduğunu və iqtisadi, enerji, kənd təsərrüfatı, turizm, elm və təhsil sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edən tərəflər bu xüsusda qarşılıqlı biznes forumların keçirilməsinin zəruriliyini vurğuladılar.
Nazir Elmar Məmmədyarov Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizlərinin Vyetnam daxil olmaqla region ölkələrinin məhsullarının Şərqi və Şimali Avropa ölkələrinə çıxarılması üçün əlverişli və sərfəli imkanlar yaratdığını diqqətə çatdırdı.
Daha sonra nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar prosesi barəsində məlumat verərək, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin Ermənistan tərəfindən hələ də yerinə yetirilmədiyini və Ermənistan hərbi qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində mövcudluğunun münaqişənin həllində əsas maneə olduğunu xüsusilə qeyd etdi.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edildi.