No:082/18, Xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama hərəkatının Bakıda keçirilən Aralıq Nazirlər Konfransı çərçivəsində İraq Respublikasının xarici işlər nazirinin müavini Said Şorş Xalidi qəbul edib
Qoşulmama hərəkatının Bakı toplantısının beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasında töhfə verəcəyini qeyd edən Said Şorş Xalidi ölkəmizin 2019-2022-ci illərdə NAM-auğurla sədrlik edəcəyinə əminliyini vurğuladı.
İki ölkə xalqlar arasında tarixən mövcud olan dostluq əlaqələrinin mövcud olduğunu bildirən tərəflər bir sıra sahələrdə, xüsusilə turizm və təhsil sahəsində əməkdaşlığın inkişafında əhəmiyyətli nailiyyətlərin nəzərə çarpdığını xüsusilə qeyd etdi.
İraqlı nazir müavini Azərbaycanda mühüm inkişafın müşahidə olunduğunu, təhlükəsizliyin və sabitliyin yüksək səviyyədə təmin olunduğunu, eləcə də mühüm infrastruktur layihələrinin həyata keçirildiyini diqqətə çatdırdı.
Nazir Elmar Məmmədyarov həmsöhbətə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi, Azərbaycanın haqlı və ədalətli mövqeyi, habelə Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycan xalqına və İslam dininə aid maddi-mədəni və dini irsin talan və məhv edilməsi siyasəti haqqında məlumat verdi.
Görüş zamanı həmçinin İƏT, NAM və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu.