No:080/22, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Kuba Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Karlos Valdes de la Konsepsion ilə görüşünə dair məlumatı

2 mart 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Kuba Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Karlos Valdes de la Konsepsionu qəbul edib.

Nazir Ceyhun Bayramov səfiri təyinatı münasibətilə təbrik edərək gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Azərbaycan və Kuba arasında dostluq münasibətlərinin inkişafına önəm verdiyimizi vurğulayan nazir Ceyhun Bayramov, həm ikitərəfli, həm də çoxtərəfli çərçivələrdə iki ölkə arasında mövcud olan əməkdaşlığı, habelə yüksək səviyyəli siyasi dialoqu məmnunluqla vurğulayıb. Yalnız rəsmi səviyyədə deyil, həm də xalqlar arasında isti münasibətlərin mövcud olduğunu söyləyən nazir, bir çox sahələrdə əlaqələrin inkişafı üçün perspektivlərin olduğunu ifadə edib.

Səfir Karlos Valdes de la Konsepsion səmimi qəbula görə təşəkkürünü bildirib və Azərbaycana səfir təyinatından yüksək məmnunluq ifadə edib. Ölkələrimizin beynəlxalq müstəvidə əməkdaşlığı səfir tərəfindən xüsusilə vurğulanıb.

Səfir, Kuba Prezidentinin 2019-cu ildə Qoşulmama Hərəkatının Bakı Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana səfərini xatırladaraq, Azərbaycan tərəfindən nümayiş etdirilən yüksək təşkilatçılığı və qonaqpərvərliyi vurğulayıb.
Görüşdə tərəflər ikitərəfli səviyyədə, o cümlədən tibb, təhsil, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı potensialı barədə fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov iki ölkə arasında əlaqələrin inkişafı üçün bütün müvafiq dövlət qurumlarının səylərini əsirgəməyəcəyini, Xarici İşlər Nazirliyinin də öz növbəsində bunun üçün körpü rolunu oynayacağını səfirin diqqətinə çatdırıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti