news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 13 mart 2019

No:079/19, Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Ramiz Həsənov Vyetnam Sosialist Respublikasına səfər edib

Cari ilin 12 mart tarixində Hanoy şəhərində Azərbaycan Respublikası və Vyetnam Sosialist Respublikasının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Azərbaycan nümayəndə heyətinə Xarici işlər nazirinin müavini Ramiz Həsənov, Vyetnam nümayəndə heyətinə isə  Xarici işlər nazirinin birinci müavini Bui Thanh Son rəhbərlik ediblər.Danışıqlar zamanı tərəflər iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini nəzərdən keçirərək əməkdaşlığın bütün sahələr üzrə təşviqinə dair geniş fikir mübadiləsi apardılar. Müzakirələr əsnasında, həmçinin tərəflər hazırki siyasi məsləhətləşmələrin məhz Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyinin keçirilməsi ərəfəsində təşkil olunmasının əhəmiyyətini xüsusi vurğuladılar.

Vyetnama səfəri çərçivəsində nazir müavini Ramiz Həsənov eyni zamanda bu ölkənin rəsmiləri ilə ikitərəfli görüşlər keçirib.

11 mart tarixində xarici işlər nazirinin müavini Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının Vyetnam tərəfindən həmsədri, Sənaye və Ticarət  naziri Tran Tuan Anh ilə görüşdü. Görüşdə tərəflər münasibətlərin bütün spektri üzrə əməkdaşlığın mövcud vəziyyətini müzakirə edərək, çoxşahəli əlaqələrin genişləndirilməsinə dair fikirləri ilə bölüşdülər. Həmçinin tərəflər Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası çərçivəsində keçirilən son iki görüşdə əldə olunan razılaşmaların həyata keçirilməsi üçün atılması zəruri hesab olunan əməli addımlar ətrafında  fikir mübadiləsi apardılar.

Xarici işlər nazirinin müavini Ramiz Həsənovun, həmçinin Vyetnam Sosialist Respublikası Milli Assambleyasının sədr müavini Uong Chu Luu ilə görüşü keçirildi. Görüşdə tərəflər parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi yollarını, habelə Dostluq Qrupları arasında mövcud əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsini aparıldı.

Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə 12 mart 2019-cu il tarixində Hanoy şəhərində Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyi və Vyetnam Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının birgə təşkilatçılığı ilə “Azərbaycan və Vyetnam diplomatiyası: Paralellər, inkişaf, dövlət quruculuğunda rolu” mövzusunda konfrans keçirildi.

Konfransda Vyetnam Kommunist Partiyası, Prezidenti Administrasiyası, Milli Assambleyası (Parlament), Hökuməti, Vyetnam Xarici İşlər Nazirliyi, müxtəlif dövlət və özəl qurumları, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası, Azərbaycanın Mədəniyyəti və Tarixi Araşdırmaları Mərkəzi, ali təhsil ocaqları, beyin mərkəzləri, diplomatik korpus və kütləvi informasiya vasitələrinin nümayəndələri, Vyetnam Diplomatik Akademiyasının rəhbərliyi və tələbə-müəllim heyəti, habelə Azərbaycan təhsil ocaqlarının vyetnamlı məzunları iştirak etdilər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti